Elmar Məmmədyarov: Sərhədlər gec-tez açılacaq
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələyə keçid ehtimalı yaranıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqların başa çatdığını açıqlaması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələsini yenidən gündəmə gətirib. Xüsusilə, Alican sərhəd-keçid məntəqəsinin açılması və dəmir yolu əlaqəsinin qurulması Cənubi Qafqazda iqtisadi və logistik münasibətlərə təsir göstərə biləcək mühüm addımlar kimi qiymətləndirilir.
Bəs Türkiyə-Ermənistan sərhədinin açılması regionda hansı geosiyasi və iqtisadi dəyişikliklərə yol aça bilər? Bu proses Azərbaycan üçün hansı imkanları və riskləri yaradır? Sərhədlərin açılması Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən keçmiş xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsi Azərbaycanla razılaşdıracağını bir neçə dəfə bəyan edib: “Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, Ermənistanla sülh sazişi imzalanmalı, bunun üçün də Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Hazırda Türkiyənin bu məsələdə mövqeyini dəyişib-dəyişməyəcəyini izləməliyik. Çünki əsas sual ondan ibarətdir ki, Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan əvvəl sərhədlərin açılması ilə bağlı hansı qərarı qəbul edəcək? İqtisadi baxımdan isə sərhədlərin açılması müsbət addım olardı. Bu, xüsusilə Ermənistan iqtisadiyyatının inkişafına ciddi töhfə verə bilər. Türkiyə üçün də müəyyən iqtisadi imkanlar yarana bilər. Ona görə də hesab edirəm ki, siyasi məsələlər öz həllini tapacağı təqdirdə, sərhədlər gec-tez açılacaq. Ümumilikdə, sərhədlərin açılması müsbət haldır”.
Ayhan
19:50 11.11.2026
Oxunuş sayı: 33