Tailandda neft tankeri batıb: 6 nəfər itkin düşüb
Tailandın şərqində, Çonburi əyaləti sahillərində neft tankerinin batması nəticəsində altı heyət üzvü itkin düşüb.
Crossmedia.az xəbər verir ki, Tailand Kral Hərbi Dəniz Qüvvələri bu barədə məlumat yayıb.
Hadisə noyabrın 11-də səhər saatlarında baş verib. Balıqçı gəmilərini yanacaqla təmin edən “Venus 14” adlı tanker Sattahip hərbi dəniz bazasından təxminən 27 dəniz mili məsafədə batıb.
Hadisədən sonra itkin düşən altı heyət üzvünün tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Əməliyyata hərbi patrul gəmisi və dəniz müşahidə təyyarəsi cəlb olunub. Ərazidə hərəkət edən digər gəmilərə də təhlükəsizlik xəbərdarlığı edilib.
Bundan əlavə, tanker yanacaq daşıdığı üçün mümkün neft sızmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə, əraziyə əlavə gəmi və helikopter göndərilməsi nəzərdə tutulur.
Tankerin batma səbəbi hələlik açıqlanmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
17:39 11.11.2026
Oxunuş sayı: 38