Bayden Tramp ilə uğursuz debatından danışdı: Ciddi əhəmiyyət daşımırdı
ABŞ-nin sabiq Prezidenti Co Bayden 2024-cü ildə Donald Trampla keçirdiyi və geniş tənqidlərə səbəb olan televiziya debatındakı çıxışını ciddi əhəmiyyət daşıyan hadisə hesab etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin “People” jurnalı bu barədə məlumat yayıb,
Sabiq prezident 2024-cü il iyunun 27-də keçirilən debatda yol verdiyi səhvləri xatırladaraq hər bir siyasətçinin belə vəziyyətlə üzləşə biləcəyini deyib.
“Mən debat zamanı səhv etməyən heç kimi tanımıram. Mənim üçün bu, o qədər də ciddi əhəmiyyət daşımırdı”, – deyə Bayden bildirib.
O, Trampla daha bir debatın keçiriləcəyini gözlədiyini, lakin bunun baş tutmadığını qeyd edib.
“Əvvəlcə düşünürdüm ki, daha bir debat olacaq, amma olmadı. Buna baxmayaraq, ikinci debatın keçirilməməsi məni narahat etmədi. Çünki baş verənləri həlledici hesab etmirdim”, – deyə sabiq prezident vurğulayıb.
Qeyd edək ki, Baydenin 2024-cü ildə Trampa qarşı debatdakı çıxışı Demokratlar Partiyası daxilində onun prezidentliyə namizədliyini davam etdirməsi ilə bağlı müzakirələri gücləndirmişdi.
Bayden həmin ilin iyulunda prezident seçkilərindən geri çəkilmiş, Demokratlar Partiyasının namizədi isə Kamala Harris olmuşdu.
17:28 11.11.2026
Oxunuş sayı: 39