İrəvanda Aİ nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilir
Ermənistanın paytaxtı İrəvanda müxalifət nümayəndəsinin həbsxanada ölümünə etiraz olaraq Avropa İttifaqının (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirilir.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Etiraz aksiyası “Güclü Ermənistan” partiyasının üzvü Arsen Gevorqyanın noyabrın 10-da “Nubaraşen” penitensiar müəssisəsində vəfat etməsindən sonra təşkil olunub.
Partiyanın parlament fraksiyasının deputatı Areqa Ovsepyan Avropa İttifaqını Ermənistanda baş verən hadisələrə münasibət bildirməyə çağırıb.
“Biz Aİ nümayəndəliyinin qarşısına gəlmişik, çünki Avropa İttifaqı təmsilçilərinin susmasını ədalətsiz hesab edirik”, – deyə deputat bildirib.
Etirazçılar Avropa institutlarından Ermənistanda demokratiyanın vəziyyətinə, müxalifət nümayəndələrinə qarşı siyasi təqib iddialarına və həbsxanada baş verən ölüm hadisəsinə diqqət yetirməyi tələb edirlər.
Qeyd edək ki, Arsen Gevorqyan “Güclü Ermənistan” partiyasının Stepanavan şəhəri üzrə yerli seçkilərdə namizədi olub. O, oktyabrın 21-də seçicilərin ələ alınması ittihamı ilə həbs edilib və noyabrın 10-da həbsxanada vəfat edib.
İlkin məlumatlara görə, onun ölümünə ürək dayanması səbəb olub. Hadisə ilə bağlı cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertiza təyin edilib.
15:53 11.11.2026
Oxunuş sayı: 38