Avropa Rusiya ilə raketlərə dair danışıqlara hazırdır
Avropa ölkələri Rusiya ilə müəyyən növ raketlərin yerləşdirilməsinin məhdudlaşdırılması və hərbi münaqişələrin qarşısının alınması mexanizmlərinin bərpası barədə danışıqlar aparmağa hazırdır.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə avropalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa nümayəndələri Soyuq müharibə dövründə mövcud olmuş silahlara nəzarət və hərbi qarşıdurmaların qarşısının alınması mexanizmlərinin yenidən tətbiqini müzakirə etməyə açıqdırlar.
Söhbət, xüsusilə, müəyyən növ raketlərin yerləşdirilməsini məhdudlaşdıran razılaşmalardan və “Açıq səma” müqaviləsi kimi beynəlxalq nəzarət mexanizmlərindən gedir.
Qeyd edək ki, 1992-ci ildə imzalanmış “Açıq səma” müqaviləsi iştirakçı dövlətlərin bir-birinin ərazisi üzərində razılaşdırılmış müşahidə uçuşları həyata keçirməsinə imkan verirdi. ABŞ 2020-ci ildə, Rusiya isə 2021-ci ildə müqavilədən çıxıb.
“Financial Times”ın məlumatına görə, avropalı diplomatlar Əbu-Dabidə keçirilən ABŞ, Rusiya və Ukrayna danışıqlarında qısa müddətdə ciddi irəliləyiş əldə olunacağına şübhə ilə yanaşırlar.
Bununla belə, Avropa ölkələri Ukraynanın dəstəklənməsi və qitənin təhlükəsizliyinə dair qərarların onların iştirakı olmadan qəbul edilməməsi üçün danışıqlara qoşulmağı vacib hesab edirlər.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa dövlətlərinin danışıqlarda iştirakına razılıq verməsi üçün Moskva ilə müzakirələr aparır.
13:29 11.11.2026
Oxunuş sayı: 31