Qaz sərfiyyatını artıran gizli səbəbi AÇIQLANDI
Havaların soyuması ilə birlikdə mənzillərdə istilik sistemlərindən istifadə də artır. Xüsusilə kombi cihazları qış aylarında evlərin əsas istilik mənbələrindən birinə çevrilir. Lakin bir çox insan kombidən istifadə etsə də, onun mütəmadi texniki baxışdan keçirilməsinin və təmizlənməsinin nə qədər vacib olduğunu nəzərə almır. Vaxtında təmizlənməyən kombi həm istilik səmərəliliyinin azalmasına, həm də gözlənilməz nasazlıqlara səbəb ola bilər. Bəzi hallarda isə texniki problemlər daha ciddi təhlükələr yarada bilər. Bəs kombinin təmizlənməməsi hansı fəsadlara yol açır?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən kombi ustası Samir Məmmədov bildirib
ki, kombi uzun müddət təmizlənmədikdə onun daxilində müxtəlif texniki
problemlər yaranır:
“İlk növbədə, cihazın istilik dəyişdiricisinin daxilində ərp, çöküntü və
digər çirklənmələr toplanır. Bu da suyun normal dövriyyəsinə və istilik
ötürülməsinə mane olur.
Təmizlənməyən cihazda ən çox rast gəlinən problemlərdən biri istilik
dəyişdiricisinin tutulmasıdır. Xüsusilə suyun sərt olduğu ərazilərdə ərp daha
sürətlə əmələ gəlir. Nəticədə kombi suyu qızdırmaq üçün daha çox işləyir, amma
əvvəlki istilik effektini vermir.
Bu vəziyyət birbaşa qaz sərfiyyatına da təsir göstərə bilər. Çünki istilik
ötürülməsi zəiflədikdə cihaz lazımi temperaturu təmin etmək üçün daha uzun
müddət işləyir. Beləliklə, qaz sərfiyyatı arta bilər.
Digər problem isə cihazın daxilindəki filtrlərin çirklənməsi, nasosun yüklənməsi və su dövranının zəifləməsidir. Bu zaman radiatorlar tam qızmır, bəziləri isti, digərləri isə soyuq qala bilər. Kombidən səs gəlməsi, təzyiqin dəyişməsi, tez-tez sönüb-yanması da çirklənmə və texniki nasazlıqlarla əlaqəli ola bilər.
Uzun müddət texniki xidmət göstərilmədikdə istilik dəyişdiricisi, nasos və
digər komponentlər daha çox yüklənir. Bu isə onların vaxtından əvvəl sıradan
çıxmasına və bahalı təmir xərclərinə səbəb ola bilər”.
Usta vurğulayıb ki, kombinin təmizlənməsi yalnız xarici hissələrin silinməsi
demək deyil: “Cihazın filtrləri, istilik dəyişdiricisi, yanma kamerası, brülörü
və baca sistemi də yoxlanılmalıdır. Bu işlər ixtisaslı usta tərəfindən,
istehsalçının təlimatlarına uyğun aparılmalıdır.
Mən istifadəçilərə kombiyə ildə ən azı bir dəfə, xüsusilə istilik mövsümü
başlamazdan əvvəl texniki baxış keçirməyi tövsiyə edirəm. Bu, həm qaz
sərfiyyatının optimallaşdırılmasına, həm cihazın səmərəli işləməsinə, həm də
gözlənilməz nasazlıqların qarşısının alınmasına kömək edir.
Ən əsası, kombinin təmizlənməsini xərc kimi deyil, cihazın ömrünü uzadan və
daha böyük təmir xərclərinin qarşısını alan profilaktik tədbir kimi
qiymətləndirmək lazımdır”.
Məhəbbət Tərlanoğlu
11:30 11.11.2026
Oxunuş sayı: 34