Keniya Azərbaycanda səfirlik açacaq
Keniya hökuməti diplomatik nümayəndəliklər şəbəkəsinin yenidən təşkili çərçivəsində Azərbaycan və Konqo Respublikasında yeni səfirliklər açmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin bəyanatına əsasən, yeni səfirliklər Azərbaycanın paytaxtı Bakıda və Konqo Respublikasının paytaxtı Brazzavildə fəaliyyət göstərəcək.
Keniyanın Xarici İşlər Nazirliyinin baş katibi Korir Sing'Oei bildirib ki, qərar ölkənin dəyişən beynəlxalq prioritetləri və maliyyə imkanları nəzərə alınmaqla qəbul edilib.
Diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində bəzi səfirliklərin bağlanması, digərlərinin isə başqa ölkələrə köçürülməsi nəzərdə tutulur.
Bu çərçivədə Keniyanın İsveçrənin Bern şəhərindəki səfirliyinin bağlanması qərara alınıb. Nazirlik bildirib ki, bu addım iki ölkə arasında uzunmüddətli münasibətlərə təsir göstərməyəcək.
İsveçrə ilə ikitərəfli əlaqələrin idarə olunması əvvəlki qaydada Keniyanın Böyük Britaniyanın paytaxtı Londondakı Ali Komissarlığına həvalə ediləcək.
Bununla yanaşı, Keniyanın Cenevrədəki Daimi Nümayəndəliyi fəaliyyətini davam etdirəcək. Nümayəndəlik ölkəni BMT və şəhərdə yerləşən digər beynəlxalq təşkilatlarda təmsil edəcək, həmçinin İsveçrədə yaşayan Keniya vətəndaşlarına konsulluq xidmətləri göstərəcək.
Hökumət Haitinin paytaxtı Port-o-Prensdəki diplomatik nümayəndəliyini Meksikanın paytaxtı Mexikoya, Kubanın paytaxtı Havanadakı nümayəndəliyini isə Yamaykanın paytaxtı Kinqstona köçürüb.
Nazirliyin məlumatına görə, dəyişikliklər geosiyasi qeyri-müəyyənlik, maliyyə məhdudiyyətləri və milli inkişaf prioritetləri nəzərə alınmaqla həyata keçirilir.
Korir Sing'Oei bildirib ki, diplomatik şəbəkənin yenidən təşkili mərhələli şəkildə aparılacaq və xaricdə yaşayan Keniya vətəndaşlarına, eləcə də ölkənin beynəlxalq tərəfdaşlarına mümkün təsirlərin minimuma endirilməsi təmin ediləcək.
11:09 11.11.2026
Oxunuş sayı: 31