Macarıstan Rusiya qazına alternativ axtarır
Macarıstan hökuməti Rusiya qazını ucuz hesab etmir və daha sərfəli qiymətlərlə təbii qaz idxal etmək üçün alternativ təchizat mənbələri axtarır.
Crossmedia.az xəbər verir ki, Macarıstanın “ATV” telekanalı bu barədə məlumat yayıb.
Macarıstanın Baş naziri Peter Madyar noyabrın 10-da telekanala müsahibəsində bildirib ki, əvvəlki Baş nazir Viktor Orban hökumətinin iddialarının əksinə olaraq, Rusiyadan idxal edilən qaz əslində ucuz deyil.
Onun sözlərinə görə, təbii qazın qiyməti birja kotirovkalarına, xüsusilə Niderlanddakı TTF qaz ticarət platformasının göstəricilərinə bağlıdır.
Baş nazir qeyd edib ki, qazın yekun qiymətinə tranzit xərcləri də təsir göstərir. Bu səbəbdən hökumət təchizat mənbələrini və marşrutlarını şaxələndirməyə çalışır.
Madyarın sözlərinə görə, qazın müxtəlif etibarlı mənbələrdən alınması Macarıstanın qiymətlər və tranzit tarifləri ilə bağlı danışıqlarda mövqeyini gücləndirəcək.
O əlavə edib ki, hökumət və dövlətə məxsus “MVM” enerji şirkəti etibarlı təchizatı mümkün qədər sərfəli qiymətlərlə təmin etməyə çalışacaq.
10:10 11.11.2026
Oxunuş sayı: 41