Nə birlikdə, nə ayrı: Ermənistanın KTMT ilə bitməyən ayrılıq hekayəsi
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi artıq sadəcə diplomatik narazılıq və siyasi ritorika mövzusu deyil. İrəvanın son illərdə təşkilatla münasibətlərini dondurması, KTMT-nin hərbi-siyasi tədbirlərində iştirakdan imtina etməsi, Rusiya ilə münasibətlərdə yaranan fikir ayrılıqları və Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi Ermənistanın xarici siyasətində ciddi istiqamət dəyişikliyindən xəbər verir.
Lakin burada mühüm bir məqam var: KTMT-dən narazılıqla təşkilatdan hüquqi baxımdan çıxmaq eyni anlam kəsb etmir. Ermənistan hakimiyyətinin indiyədək atdığı addımlar bu iki prosesin paralel, lakin fərqli istiqamətlərdə inkişaf etdiyini göstərir. İrəvan bir tərəfdən Moskvanın rəhbərlik etdiyi hərbi-siyasi mexanizmdən uzaqlaşır, digər tərəfdən isə tam və geri dönüşü çətin olan hüquqi qərarın nəticələrini ölçüb-biçir.
Son bəyanatlar nəyi göstərir?
Məsələnin yeni mərhələyə keçdiyini göstərən əsas hadisələrdən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 5-də səsləndirdiyi fikirlərdir. O, Ermənistan hakimiyyətinin KTMT-yə marağının tamamilə tükəndiyini bildirib. Paşinyan bu açıqlamanı təşkilatın noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistana qarşı Nizamnamənin 25-ci maddəsinin tətbiqi ehtimalı ilə bağlı suala cavab verərkən səsləndirib.
Bu açıqlama bir neçə baxımdan diqqət çəkir. Əvvəla, Paşinyan artıq Ermənistanın KTMT-yə qayıtması ehtimalını müzakirə predmeti kimi görmür. İkincisi, o, təşkilatın Ermənistana qarşı mümkün məhdudlaşdırıcı addımlarını da siyasi baxımdan qəbuledilməz hesab etdiyini nümayiş etdirmir. Əksinə, bundan əvvəl, avqustun 24-də parlamentdə çıxışı zamanı Ermənistanın KTMT-dən çıxarılacağı təqdirdə məmnun olacağını bildirmişdi. Baş nazirin sözlərinə görə, belə olan halda İrəvanın təşkilatdan özü çıxıb-çıxmamaq dilemması da aradan qalxacaq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 28-də verdiyi açıqlama da bu mövqeyi tamamlayır. O, ölkəsinin KTMT-yə qayıtmaq niyyətində olmadığını, təşkilatdakı fəaliyyətini çoxdan dondurduğunu və mövqeyini dəyişməyəcəyini bildirib. Beləliklə, məsələ artıq yalnız baş nazirin şəxsi siyasi mövqeyi deyil, Ermənistanın xarici siyasət rəhbərliyinin də ifadə etdiyi rəsmi yanaşmadır.
Bununla belə, noyabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlaması göstərdi ki, Moskva Ermənistanın təşkilatdan çıxarılması istiqamətində addım atmaq niyyətində deyil. Lavrov bildirib ki, İrəvanın KTMT-dən çıxmaqla bağlı rəsmi müraciəti daxil olmayıb. Onun sözlərinə görə, Rusiya və digər üzvlər Ermənistanın təşkilatın tərkibində qalması üçün qapını bağlamırlar.
Lakin eyni zamanda Lavrov Ermənistanın 2024-cü ildən bəri üzvlük haqlarını ödəmədiyini xatırladıb. Bununla əlaqədar KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsi gündəmə gətirilib. Həmin maddəyə əsasən, təşkilat qarşısında iki ildən artıq borcu olan dövlətin səsvermə hüququ və təşkilatın kvota vəzifələrinə öz vətəndaşlarını namizəd göstərmək imkanı borc tam ödənilənədək məhdudlaşdırıla bilər. Bu qərar noyabrın 11-də dövlət başçılarının müzakirəsinə çıxarılmalıdır.
Burada mühüm bir ziddiyyət meydana çıxır: Ermənistan təşkilatda iştirak etmək istəmir, Rusiya isə onun təşkilatdan çıxmasını istəmir. Başqa sözlə, tərəflər arasında yaranmış fikir ayrılığı artıq sadəcə təhlükəsizlik məsələsi deyil, həm də təşkilatın gələcək siyasi nüfuzu ilə bağlı məsələyə çevrilib.
İrəvanı KTMT-dən uzaqlaşdıran əsas səbəb nədir?
Ermənistanın təşkilatla münasibətlərinin pisləşməsi 2020-ci il müharibəsindən sonra daha qabarıq xarakter alıb. İrəvan hesab edirdi ki, Azərbaycanla sərhəddə baş verən hadisələr zamanı KTMT müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
Xüsusilə 2021–2022-ci illərdə Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalar zamanı İrəvan təşkilatdan konkret siyasi və hərbi dəstək gözləyirdi. Lakin KTMT-nin reaksiyası Ermənistan hakimiyyətinin gözləntilərini qarşılamadı. Təşkilatın müşahidə missiyası göndərilməsi ilə bağlı müzakirələr və diplomatik açıqlamalar İrəvan üçün yetərli olmadı.

Paşinyan dəfələrlə vurğulayıb ki, Ermənistan müttəfiqlik öhdəliklərini yerinə yetirsə də, qarşı tərəfdən eyni münasibəti görməyib. Onun fikrincə, Ermənistanın təhlükəsizlik maraqları ilə KTMT-nin davranışı arasında ciddi uyğunsuzluq yaranıb.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın narazılığı yalnız Azərbaycanın hərbi əməliyyatları ilə bağlı deyil. İrəvanın mövqeyində Rusiyanın Cənubi Qafqazdakı roluna dair dəyişən təsəvvürlər də mühüm yer tutur.
Ermənistan uzun illər təhlükəsizlik sistemini Rusiya ilə hərbi-siyasi müttəfiqlik üzərində qurmuşdu. Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu, sərhədlərin mühafizəsində iştirakı və KTMT çərçivəsində əməkdaşlıq bu modelin əsas elementləri idi. Ancaq 2020-ci ildən sonra baş verən proseslər İrəvanda həmin təhlükəsizlik modelinin effektivliyi ilə bağlı suallar yaradıb.
2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra isə Ermənistanın təhlükəsizlik yanaşmasında yeni mərhələ başladı. İrəvan Moskvanın vasitəçilik və təhlükəsizlik mexanizmlərinə əvvəlki səviyyədə etibar etmədiyini nümayiş etdirdi.
Bu mənada KTMT-dən uzaqlaşma Ermənistanın daha geniş xarici siyasət transformasiyasının tərkib hissəsidir.
Rusiya niyə Ermənistanın təşkilatdan çıxmasını istəmir?
Moskvanın mövqeyini anlamaq üçün məsələyə yalnız hərbi təşkilat daxilindəki üzvlük münasibətləri prizmasından yanaşmaq kifayət deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərindən biri olub. İrəvanın KTMT-dən çıxması isə Moskvanın regiondakı hərbi-siyasi mövqelərinin daha da zəifləməsi kimi qiymətləndirilə bilər.
Rusiya üçün Ermənistanın təşkilatda qalması bir neçə baxımdan əhəmiyyətlidir.
Birincisi, bu, Moskvanın postsovet məkanında yaratdığı kollektiv təhlükəsizlik sisteminin institusional bütövlüyünü qoruyur. Ermənistanın çıxması KTMT-nin iştirakçı coğrafiyasının daralması ilə yanaşı, təşkilatın böhran vəziyyətində üzvlərinin təhlükəsizliyini təmin etmək qabiliyyəti barədə müzakirələri də gücləndirəcək.
İkincisi, Ermənistanın çıxması digər üzv dövlətlər üçün də müəyyən siyasi presedent yarada bilər. Bu, təşkilat daxilində üzvlərin öz təhlükəsizlik maraqlarını hansı səviyyədə təmin olunmuş hesab etməsi məsələsini gündəmə gətirə bilər.
Üçüncüsü, Moskva Ermənistanın Qərbə inteqrasiyasının sürətlənməsini də diqqətlə izləyir. KTMT-dən çıxış İrəvanın Rusiya ilə hərbi-siyasi əlaqələrini yenidən nəzərdən keçirməsi prosesini daha da dərinləşdirə bilər.
Lavrovun noyabrın 10-da verdiyi açıqlama da bu yanaşmanı əks etdirir. O, Ermənistanın təşkilatdan çıxmaq üçün rəsmi müraciət etmədiyini xüsusi vurğulayıb və ölkənin KTMT-də qalmasının mümkünlüyünü önə çəkib. Eyni zamanda, İrəvanın təşkilat qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən səsvermə hüququnun dayandırılması təklifinin irəli sürüldüyünü bildirib.
Burada Moskvanın yanaşması diqqətəlayiqdir: Ermənistanı dərhal təşkilatdan kənarlaşdırmaq əvəzinə, onun formal üzvlüyünü saxlamaq və hüquqi-siyasi təzyiq mexanizmlərindən istifadə etmək.

KTMT-dən çıxmaq Ermənistan üçün nə deməkdir?
Ermənistanın KTMT-dən çıxması ilk növbədə ölkənin təhlükəsizlik arxitekturasında ciddi dəyişiklik yaradacaq. Çünki İrəvan uzun illər ərzində öz hərbi təhlükəsizlik sistemini Rusiya ilə müttəfiqlik münasibətləri üzərində qurub. Bu sistemdən uzaqlaşmaq isə yeni təminatların və tərəfdaşlıqların formalaşdırılmasını tələb edir.
Ermənistan son dövrlərdə Fransa, ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Xüsusilə Fransa ilə hərbi-texniki əməkdaşlıq, silah və müdafiə vasitələrinin alınması, ABŞ ilə birgə təlimlər və Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyəti bu istiqamətdə atılan addımlardır.
İrəvanın Qərbə yaxınlaşması yalnız KTMT-dən narazılıqla izah olunmur. Bu, Ermənistanın öz təhlükəsizlik təminatlarını diversifikasiya etmək və xarici siyasətdə manevr imkanlarını genişləndirmək cəhdidir.
Bununla belə, mühüm bir sual açıq qalır: Ermənistan KTMT-dən çıxdıqdan sonra hansı alternativ kollektiv təhlükəsizlik mexanizminə qoşula bilər?
Hazırda Fransa və ABŞ ilə əməkdaşlıq Ermənistan üçün müəyyən hərbi-texniki və siyasi imkanlar yaratsa da, bunlar KTMT Nizamnaməsinin 4-cü maddəsində nəzərdə tutulan kollektiv müdafiə öhdəliyinin hüquqi ekvivalenti deyil. Həmin maddəyə görə, üzv dövlətlərdən birinə qarşı təcavüz digər üzvlərə qarşı təcavüz kimi qəbul edilir və müraciət əsasında zəruri yardım, o cümlədən hərbi dəstək göstərilməsi nəzərdə tutulur.
Deməli, Ermənistanın qarşısında yalnız təşkilatdan çıxmaq deyil, həm də təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaq vəzifəsi dayanır.
Digər tərəfdən, İrəvanın Avropa İttifaqına inteqrasiya xətti də müəyyən məhdudiyyətlərlə üzləşir. Rusiya tərəfi Aİ və Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki iqtisadi və normativ tələblərin bir-biri ilə ziddiyyət təşkil edə biləcəyini bildirir. Bu isə Ermənistanın yalnız hərbi deyil, iqtisadi və siyasi istiqamətdə də seçim qarşısında qalacağını göstərir.
Ermənistanın KTMT-dən çıxması hansı formada baş verə bilər?
Məsələnin hüquqi tərəfi də diqqətdən kənarda qalmamalıdır. KTMT Nizamnaməsinin 19-cu maddəsi üzv dövlətə təşkilatdan çıxmaq hüququ verir. Bunun üçün dövlət öz öhdəliklərini yerinə yetirməli və çıxmaq niyyəti barədə depozitariyə ən azı altı ay əvvəl rəsmi bildiriş göndərməlidir.
Nizamnamənin 20-ci maddəsi isə üzvlük öhdəliklərini yerinə yetirməyən dövlətin təşkilatdakı iştirakının dayandırılması və müəyyən şərtlərlə təşkilatdan xaric edilməsi imkanını nəzərdə tutur. 25-ci maddə isə iki ildən artıq büdcə borcu olan dövlətin səsvermə hüququnun və kvota vəzifələrinə namizəd irəli sürmək imkanının məhdudlaşdırılmasını müəyyən edir.
Bu baxımdan üç mümkün ssenarini fərqləndirmək olar.
Birinci ssenari – Ermənistanın öz təşəbbüsü ilə təşkilatdan çıxması.
Bu variant hüquqi baxımdan ən aydın yoldur. İrəvan rəsmi müraciət edərək altı aylıq proseduru başlada bilər. Paşinyanın son açıqlamaları belə bir qərarın siyasi baxımdan istisna edilmədiyini göstərir. Bununla belə, Ermənistan hakimiyyəti hələlik bu istiqamətdə konkret hüquqi addım atmayıb.
İkinci ssenari – Ermənistanın faktiki fəaliyyətsiz üzv kimi qalması.
Bu, hazırda müşahidə olunan vəziyyətin davamıdır. Ermənistan təşkilatın tədbirlərində iştirak etmir, maliyyə öhdəliklərini yerinə yetirmir, lakin hüquqi baxımdan üzvlüyünü saxlayır. Beləliklə, İrəvan təşkilatdan uzaqlaşsa da, dərhal və birdəfəlik siyasi-hüquqi qərar vermək məcburiyyətində qalmır.
Üçüncü ssenari – təşkilatın Ermənistanın hüquqlarını məhdudlaşdırması və üzvlük məsələsinin kollektiv qaydada müzakirəsi.
Noyabrın 10-da Lavrovun açıqladığı 25-ci maddənin tətbiqi layihəsi məhz bu ssenarinin gündəmdə olduğunu göstərir. Lakin səsvermə hüququnun dayandırılması avtomatik olaraq üzvlükdən çıxarılma demək deyil. Bunlar hüquqi baxımdan fərqli prosedurlardır.
Eyni zamanda, Lavrovun Ermənistanın təşkilatdan xaric edilməyəcəyini bildirməsi göstərir ki, Moskva hazırkı mərhələdə bu məsələnin məhz hüquqi məhdudiyyətlər çərçivəsində həllinə üstünlük verir.
Noyabrın 11-dəki iclas nəyi dəyişə bilər?
Məhz bu gün Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclası Ermənistan-KTMT münasibətlərinin gələcək istiqaməti baxımından əhəmiyyətlidir.
İclasın gündəliyində Ermənistanın üzvlük haqları ilə bağlı öhdəliklərini yerinə yetirməməsi və Nizamnamənin 25-ci maddəsinin tətbiqi məsələsi dayanır. Lavrovun açıqlamasına əsasən, Ermənistanın səsvermə hüququnun dayandırılması ilə bağlı layihə dövlət başçılarının müzakirəsinə təqdim ediləcək.
Bununla belə, iclasın nəticəsini əvvəlcədən müəyyən edilmiş qərar kimi təqdim etmək olmaz. Əsas məsələ üzv dövlətlərin Ermənistanın təşkilatdakı statusuna necə yanaşacağıdır.
Əgər səsvermə hüququnun dayandırılması qərarı qəbul edilərsə, bu, İrəvanla təşkilat arasındakı münasibətlərin daha da formal xarakter almasına səbəb ola bilər. Ancaq bu addım Ermənistanın avtomatik olaraq KTMT-dən çıxması ilə nəticələnməyəcək.
Digər tərəfdən, Moskvanın Ermənistanın üzvlüyünü qorumaq mövqeyi ilə Paşinyan hökumətinin təşkilata qayıtmaqdan imtina etməsi arasındakı ziddiyyətin davam etməsi də mümkündür.

Siyasi ayrılıq artıq baş verib, hüquqi ayrılıq isə gündəmdədir
Bütün bu proseslər Ermənistanın KTMT-dən uzaqlaşmasının artıq uzunmüddətli xarici siyasət kursuna çevrildiyini göstərir. 2024-cü ilin fevralında başlayan dondurulma prosesi 2026-cı ilin noyabrında daha açıq siyasi qarşıdurma mərhələsinə keçib.
Paşinyan hakimiyyəti təşkilata qayıtmaq niyyətində olmadığını bəyan edir. Mirzoyan bu mövqeyi təsdiqləyir. Rusiya isə Ermənistanın təşkilatdan çıxmasını istəmir, onun formal üzvlüyünü qorumağa çalışır. Beləliklə, tərəflər arasında yaranmış ziddiyyətin həlli artıq həm İrəvanın siyasi iradəsindən, həm də Moskvanın təşkilatın gələcək nüfuzunu necə qorumaq istəyindən asılıdır.
Burada başqa bir məqam da var: Ermənistanın KTMT-dən çıxması Rusiyanın Cənubi Qafqazdakı mövqeləri baxımından əhəmiyyətli hadisə olardı. Çünki bu, Moskvanın regionda ənənəvi hərbi-siyasi müttəfiqlik sisteminin zəifləməsinin daha bir göstəricisinə çevrilə bilər. Bununla belə, təşkilatdan çıxış Rusiyanın Ermənistanla bütün əlaqələrinin avtomatik kəsilməsi demək deyil. İqtisadi, enerji, ticarət və ikitərəfli hərbi-siyasi münasibətlər ayrıca müstəvidə qalacaq.
Ermənistan üçün isə əsas məsələ yeni təhlükəsizlik modelinin nə dərəcədə dayanıqlı olacağıdır. KTMT-dən uzaqlaşmaq siyasi seçimdir, lakin bu seçimin uğurlu nəticə verməsi alternativ təhlükəsizlik təminatlarının real məzmunundan asılı olacaq.
Beləliklə, əsas sual artıq Ermənistanın KTMT-yə qayıdıb-qayıtmayacağı deyil. Əsas məsələ İrəvanın bu təşkilatdan hüquqi baxımdan nə zaman və hansı şərtlərlə ayrılacağı, eləcə də bundan sonra öz təhlükəsizliyini hansı mexanizmlərlə təmin edəcəyidir.
Müşahidəçi
09:44 11.11.2026
Oxunuş sayı: 52
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.