Putinin uzunömürlülük marağı: 7 min meymun üzərində tədqiqat
Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsindən olan Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda insan ömrünün uzadılması məqsədilə 7 mindən çox meymunun iştirakı ilə araşdırmalar aparılır.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “TASS” agentliyi bu barədə məlumat yayıb.
Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk Moskvada keçirilən elmi forumda bildirib ki, tədqiqatçılar primatların yaşlanma proseslərini öyrənərək insanlarda sağlam ömrün uzadılması yollarını müəyyənləşdirməyə çalışırlar.
İnstitutun tədqiqat mərkəzlərində 22 növə aid 7 mindən çox primat saxlanılır. Alimlər xüsusilə 18 yaşdan 30 yaşdan yuxarı dövrədək olan meymunların orqanizmində baş verən dəyişiklikləri araşdırırlar.
Tədqiqat çərçivəsində heyvanların beyin və damar sisteminin vəziyyəti, biokimyəvi göstəriciləri və yaşlanma ilə əlaqəli digər dəyişikliklər təhlil edilir.
Kovalçukun sözlərinə görə, primatların insanlara bioloji yaxınlığı bu araşdırmaların nəticələrindən gələcəkdə insan ömrünün uzadılması üçün istifadə edilməsinə imkan yarada bilər.
Kurçatov İnstitutu Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birlikdə uzunömürlü primatların qan nümunələrindən ibarət biobank da yaradıb.
Qeyd edək ki, 74 yaşlı Vladimir Putin uzunömürlülük mövzusuna əvvəllər də maraq göstərib. O, 2025-ci ilin sentyabrında Çin lideri Si Cinpinlə söhbətində insanların gələcəkdə 150 il yaşaması ehtimalını müzakirə edib.
Məlumatlara görə, Putinin böyük qızı Mariya Vorontsova da yaşlanma proseslərinin öyrənilməsi ilə əlaqəli elmi fəaliyyətlə məşğuldur.
Bununla belə, aparılan tədqiqatların birbaşa Putinin şəxsi ömrünün uzadılması məqsədi daşıdığına dair təsdiqlənmiş məlumat yoxdur.
10:56 11.11.2026
Oxunuş sayı: 32