Ukrayna “Patriot”a alternativ sistemi sınaqdan keçirəcək
Ukrayna bu qış ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminə daha ucuz alternativ kimi hazırlanan “FREYJA” raket əleyhinə müdafiə sisteminin ilk sınaqlarını keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verib.
Prezidentin sözlərinə görə, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə yeni sistemin sınaqdan keçirilməsi və gələcəkdə kütləvi istehsalının təşkili üzərində çalışır. İlk sınaqların 2026-cı ilin dekabr ayının sonunda başlanması nəzərdə tutulur.
Layihəyə Ukraynanın “Fire Point” şirkəti rəhbərlik edir. Şirkət “FP-7.X” raketini və buraxılış qurğusunu hazırlayır. Avropalı tərəfdaşlar isə radarlar, hədəfi izləmə, tuşlama və idarəetmə sistemlərinin hazırlanmasına cavabdehdirlər.
Planlaşdırılan göstəricilərə əsasən, bir raketin kütləvi istehsal zamanı qiymətinin 1 milyon avrodan aşağı olması hədəflənir. Müqayisə üçün, “Patriot” sisteminin bəzi raketlərinin qiyməti təxminən 4–6 milyon ABŞ dolları təşkil edir.
Yeni sistemin ballistik raketləri 20–25 kilometr yüksəklikdə məhv edə bilməsi nəzərdə tutulur. Gələcəkdə illik istehsal gücünün 2 min raketə çatdırılması planlaşdırılır.
“FREYJA” layihəsində Ukrayna ilə yanaşı, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Danimarka, İtaliya, Niderland, İspaniya və İsveç iştirak edir.
Zelenski bildirib ki, ilkin sınaqlar uğurlu olarsa, sistemin istehsalına başlanılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi Ukraynanın Amerika istehsalı olan “Patriot” sistemlərindən asılılığını azaltmaq və Avropanın öz raket əleyhinə müdafiə imkanlarını genişləndirməkdir.
11:29 11.11.2026
Oxunuş sayı: 31