Ukrayna və Rusiya 3 min əsirin mübadiləsini müzakirə edir
Ukrayna və Rusiya arasında ümumilikdə 2 min və ya 3 min hərbi əsirin mübadiləsi imkanları müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Prezidentin sözlərinə görə, məsələ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda gündəmə gətirilib.
Zelenski bildirib ki, tərəflər “1000-ə 1000” və ya “1500-ə 1500” formatında genişmiqyaslı əsir mübadiləsi imkanlarını nəzərdən keçirirlər.
Onun sözlərinə görə, ABŞ nümayəndələri bu təkliflə bağlı müzakirələri davam etdirmək üçün Rusiyaya səfər edəcəklər.
Ukrayna Prezidenti qeyd edib ki, danışıqlarda ərazi məsələləri də qaldırılıb. Lakin onun fikrincə, bu mövzu dövlət başçıları səviyyəsində müzakirə edilməlidir.
Zelenski əlavə edib ki, növbəti danışıqlarda gərginliyin azaldılması, enerji təhlükəsizliyi, Qara dənizdəki vəziyyət və liderlər səviyyəsində mümkün üçtərəfli görüş məsələləri də nəzərdən keçiriləcək.
11:58 11.11.2026
Oxunuş sayı: 30