Nikahların azalması doğum səviyyəsinə də təsir edir: Azərbaycanı nə gözləyir?
Ailə cəmiyyətin ən qədim və fundamental institutlarından biri olsa da, zaman
keçdikcə onun strukturu, münasibət formaları və insanlar üçün daşıdığı məna
dəyişir. Əvvəllər ailə yalnız fərdlərin birgə yaşadığı məkan deyil, həm də
sosial, iqtisadi və mənəvi dayaqların əsas mənbəyi hesab olunurdu. Bu gün isə
müasir həyat tərzi, fərdi azadlıqlara artan maraq, karyera planları və dəyişən
dünyagörüşü ailə münasibətlərinə yeni yanaşma formalaşdırır.
Müşahidə olunur ki, bir çox gənc ailə qurmağa əvvəlki nəsillərlə müqayisədə
daha ehtiyatlı yanaşır, evlilik qərarını təxirə salır, bəziləri isə ümumiyyətlə
ailə qurmağı həyatının əsas məqsədlərindən biri hesab etmir. Digər tərəfdən,
ailə quran gənclər arasında da valideynlərdən ayrı yaşamaq, şəxsi sərhədlərini
qorumaq, qərarları müstəqil vermək istəyi güclənir. Bu, heç də bütün hallarda
ailə dəyərlərinin zəifləməsi demək deyil. Sadəcə, gənc nəslin ailədən
gözləntiləri və münasibətlərə yanaşması dəyişir.
Bu dəyişikliklərin arxasında həm iqtisadi, həm də sosial-psixoloji amillər
dayanır. Mənzil qiymətlərinin və yaşayış xərclərinin artması, işsizlik və gəlir
qeyri-sabitliyi gənclərin ailə qurmaq qərarına təsir edir. Eyni zamanda, təhsil
və karyera imkanlarının genişlənməsi, qadınların iqtisadi müstəqilliyinin
artması, sosial şəbəkələrin və rəqəmsal dünyanın insan münasibətlərinə təsiri
də ənənəvi ailə modelini dəyişdirir. Gənclər artıq ailəni yalnız sosial zərurət
və ya cəmiyyətin gözləntisi kimi deyil, şəxsi seçim və məsuliyyət kimi
qiymətləndirməyə başlayırlar.
Digər tərəfdən, nəsillər arasında dəyərlər və həyat tərzi ilə bağlı fərqlər
də ailədaxili münasibətlərdə gərginlik yarada bilir. Valideynlərin
övladlarından gözləntiləri ilə gənclərin gələcək planları üst-üstə düşmədikdə
anlaşılmazlıqlar yaranır. Bəzən həddindən artıq müdaxilə, sərt ailə qaydaları
və fərdi qərarlara hörmətin olmaması gəncləri ailədən emosional cəhətdən
uzaqlaşdırır.
Burada əsas sual budur: müasir gənclər həqiqətən ailə institutundan uzaqlaşırlar, yoxsa sadəcə özlərinə uyğun yeni ailə modeli formalaşdırırlar?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib
ki, son illərdə Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı isə
artır:
“Bunun nəticəsində doğum səviyyəsində də azalma müşahidə olunur. Bu
tendensiya davam edərsə, təəssüflər olsun ki, Azərbaycan da əhalisinin sayının
azaldığı ölkələr sırasına daxil ola bilər. Rusiya və bir sıra Avropa
ölkələrində də oxşar demoqrafik proseslər yaşanır.
Bu tendensiyanın bir neçə səbəbi var. İlk növbədə, insanların həyatdan
gözləntiləri artıb. Gənclər ailə qurmadan əvvəl evlərinin, avtomobillərinin,
sabit işlərinin və müəyyən maddi təminatlarının olmasını istəyirlər. Lakin
bunlara nail olmaq əvvəlki dövrlərlə müqayisədə daha da çətinləşib. Mənzil
qiymətlərinin kəskin artması, iş imkanlarının məhdudlaşması və digər iqtisadi
amillər ailə qurmaq istəyənlərin qarşısında ciddi maneələr yaradır.
Həm xanımların, həm də bəylərin gözləntiləri yüksəlib. Onlar daha yüksək
həyat standartlarına sahib olduqdan sonra ailə qurmaq istəyirlər. Bu isə bir
çox hallarda evliliyin təxirə salınmasına gətirib çıxarır.
Digər tərəfdən, maddi imkanları yüksək olan ailələrdə böyüyən gənclər
arasında da ailə qurmağa meyillilik azalıb. Bu, artıq mənəvi-psixoloji
məsələdir. Gənclərin bir qismi daha sərbəst yaşamaq istəyir, ailəni isə
məsuliyyət və öhdəlik kimi qəbul edir. Buna görə də öz üzərlərinə belə bir
məsuliyyət götürməyə və ailə qurmağa tələsmirlər.
Üçüncü mühüm səbəb boşanmaların sayının artmasıdır. Boşanma hallarının
çoxalması ailə qurmaq istəyən gənclərdə müəyyən qorxu və tərəddüd yaradır.
Onlar ətraflarında uğursuz ailə münasibətlərini gördükcə evlilik qərarını
verməkdə daha ehtiyatlı davranırlar.
Digər səbəb isə romantik münasibətlərin zəifləməsidir. Ailə qurmaq üçün
romantika və uzunmüddətli münasibətə inam vacibdir. Təəssüflər olsun ki, son
illərdə bu tendensiya bütün dünyada, o cümlədən Azərbaycanda da zəifləyib.
Ömürlük münasibət anlayışına əvvəlki kimi yanaşılmır. Müasir həyat tərzi və
dəyişən sosial münasibətlər də bu prosesə təsir göstərir.
Bütün bunların nəticələri olduqca ciddi ola bilər. Xüsusilə Azərbaycan kimi
əhalisinin sayı çox böyük olmayan ölkələrdə demoqrafik məsələlərə xüsusi diqqət
yetirilməlidir. Dövlət bu istiqamətdə addımlar atmalı, ailə qurmağı təşviq
etməli, gənclərə dəstək göstərməli və maarifləndirmə işləri aparmalıdır.
Xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində
dövlət dəstəyinin gücləndirilməsi mühüm təşviq vasitəsi ola bilər. Düşünürəm
ki, bu sahədə real addımlar atılarsa, gənclərin ailə qurmağa marağının
artmasına müsbət təsir göstərmək mümkündür”.
Məhəbbət Tərlanoğlu
12:00 11.11.2026
Oxunuş sayı: 41