Əməkhaqqının gizlədilməsinə qarşı yeni mexanizm hazırlanır
"Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır".
Crossmedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əməkhaqqı və digər ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən ötürülən məlumatlar əsasında Mərkəzi Bankın müəyyən etdiyi elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcək:
“Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək.
Bu mexanizmin həm də əsas üstünlüyü ondan ibarətdir ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənə biləcək. Nəticədə əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissənin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq. Bununla yanaşı nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır, həm də əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər qanunvericilikdə nəzərdə tutulan tutulmalar, eləcə də şəxsin gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış imkanının yaradılmasını nəzərdə tutur. Eyni zamanda, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşmasına, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edir. Təklif edilən dəyişikliklər əmək münasibətlərində rəqəmsal nəzarət modelinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcəkdir”, - o vurğulayıb.
12:20 11.11.2026
Oxunuş sayı: 16