Danimarkanın Baş naziri Rusiya ilə danışıqlardan imtina edib
Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Rusiya ilə aparılacaq danışıqlarda Avropanı şəxsən təmsil etmək istəmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Danimarkanın “DR” ictimai teleradio şirkəti bu barədə məlumat yayıb.
Jurnalistlərin Avropanı Rusiya ilə danışıqlarda kimin təmsil etməli olduğu barədə sualını cavablandıran Frederiksen bu məsələnin Avropa ölkələri arasında müzakirə ediləcəyini bildirib.
“Bu məsələni bu axşam, həmçinin daha sonra Dublində müzakirə edəcəyik. Hazırda Avropa institutlarını dəstəkləmək mənim üçün çox vacibdir”, – deyə Baş nazir qeyd edib.
Avropanı danışıqlarda şəxsən təmsil etmək istəyib-istəmədiyi soruşulduqda isə Frederiksen mənfi cavab verib.
“Xeyr. Ümid edirəm ki, mən də Avropanın ümumi mövqeyinin formalaşmasında iştirak edəcəyəm. Lakin bu prosesdə əsas rol Avropa institutlarına məxsus olmalıdır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiya ilə sülh danışıqlarında onları təmsil edəcək vahid nümayəndə müəyyənləşdirməyə çağırıb.
15:29 11.11.2026
Oxunuş sayı: 35