Ərdoğan COP31-də dünyaya çağırış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa və Paris İqlim Sazişində müəyyən edilmiş hədəflərə nail olmaq üçün səyləri artırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı bu barədə məlumat yayıb.
Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində çıxış edib.
Türkiyə Prezidenti ölkəsinin ilk dəfə COP Liderlər Sammitinə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
“Yaşıllıqla mavinin qovuşduğu Aralıq dənizinin incisi olan gözəl Antalyamıza xoş gəlmisiniz. Burada qəbul ediləcək qərarların xeyirli olmasını arzulayıram. Türkiyə olaraq COP31 Liderlər Sammitinə ilk dəfə ev sahibliyi etməyin haqlı qürurunu yaşayırıq”, – deyə Ərdoğan vurğulayıb.
O, konfransın səmərəli keçirilməsi üçün böyük səylər göstərildiyini qeyd edərək COP31-in iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi olacağına ümid etdiyini bildirib.
Türkiyə lideri xatırladıb ki, 31 il əvvəl Berlində keçirilən ilk COP toplantısından bəri iqlim siyasəti sahəsində mühüm irəliləyişlər əldə olunub.
Bununla belə, Ərdoğan Paris İqlim Sazişində nəzərdə tutulan hədəflərə nail olunmamasının riskləri və iqtisadi xərcləri artırdığını diqqətə çatdırıb.
“Qarşımızda iki seçim var: ya çətinliklərdən şikayətlənəcəyik, ya da ümidlə hərəkətə keçəcəyik. Biz qaranlığa yumruq atmaq əvəzinə, şam yandırmağı seçdik”, – deyə Türkiyə Prezidenti bildirib.
15:21 11.11.2026
Oxunuş sayı: 41