BŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar nəticəsiz qalıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə keçirilən Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyiş əldə olunmayıb. Avropa ölkələri isə Vaşinqtonun Moskva ilə razılaşma naminə Ukraynanın maraqlarına zidd güzəştlərə gedə biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, Fransanın “Le Monde” qəzeti bu barədə məlumat yayıb.
Noyabrın 10-da keçirilən danışıqların ilk mərhələsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski müzakirələri konstruktiv adlandırıb. Lakin Rusiya tərəfi atəşkəs təklifinə razılıq verməyib.
Nəşrin məlumatına görə, Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələri ABŞ Prezidenti Donald Trampın administrasiyasının Kremllə qısa müddətdə razılaşma əldə etmək üçün əlavə güzəştlərə gedə biləcəyindən ehtiyat edirlər.
Avropalı diplomatlar danışıqlarda konkret ardıcıllığın qorunmasını tələb edirlər. Onların mövqeyinə əsasən, əvvəlcə atəşkəs əldə olunmalı, daha sonra Ukraynanın təhlükəsizliyinə təminatlar verilməli və yalnız bundan sonra daha geniş siyasi razılaşmalar müzakirə edilməlidir.
Avropa nümayəndələri bu mövqelərini ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerə çatdırıblar.
Danışıqlar zamanı Avropanın gələcək təhlükəsizlik sisteminin yenidən formalaşdırılması məsələsi də gündəmə gətirilib. Lakin Avropa ölkələri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar.
Bu arada ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Ukraynanın müdafiə imkanlarının zəiflədilməsində rolu ola biləcək amerikalı rəsmilərin fəaliyyətinin araşdırılmasını tələb edirlər.
Demokrat senator Kris Kuns bildirib ki, Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir göstərən qərarlarda iştirak etmiş şəxslər, o cümlədən müdafiə naziri Pit Heqset və iş adamı İlon Mask məsuliyyət daşımalıdırlar.
14:36 11.11.2026
Oxunuş sayı: 32