Azərbaycanın qələbəsi regionda uzunmüddətli təhlükəsizlik üçün zəmin yaradıb- Ekspert
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Cənubi Qafqazda vəziyyətin yaxşılaşmağa doğru getdiyini, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının regionda faktiki sülhün bərqərar olmasına mühüm töhfə verdiyini bildirib. Onun bu açıqlaması bir daha Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin Cənubi Qafqazın geosiyasi mənzərəsinə və təhlükəsizlik arxitekturasına təsirini gündəmə gətirir. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda uzun illər davam edən münaqişə reallığını dəyişərək yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yaradıb. Bəs Azərbaycanın hərbi-siyasi qələbəsi Cənubi Qafqazın təhlükəsizlik xəritəsini necə dəyişdi? Regionda dayanıqlı sülhün təmin olunması və yeni nəqliyyat-kommunikasiya marşrutlarının açılması baxımından bu qələbənin əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ehtiyyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, bu yanaşmada həm məntiq, həm də reallıq var: “Çünki Azərbaycanın qələbəsi regionda uzunmüddətli təhlükəsizlik üçün zəmin yaradıb. Azərbaycan Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazanana qədər regionun təhlükəsizliyinə dair real təminatdan danışmaq mümkün deyildi. Lakin Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq işğalçı qüvvələri qısa müddətdə darmadağın etdi və ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və diplomatik addımlar Ermənistanı ABŞ-də sülhlə bağlı ilkin razılaşmanı imzalamağa gətirib çıxardı. Hazırda isə Azərbaycanla Ermənistan arasında hüquqi sülhün rəsmiləşdirilməsi və müvafiq sənədin imzalanması gözlənilir. Təbii ki, Azərbaycanın bununla bağlı müəyyən şərtləri var. Həmin şərtlər gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə və bu istiqamətdə yarana biləcək risklərin qarşısının alınmasına xidmət edir. Məqsəd münaqişənin yenidən alovlanması ehtimalını minimuma endirmək və regionu mümkün təhlükələrdən sığortalamaqdır. Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların əks olunduğu müddətdə sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki bu, nə məntiqə, nə də dayanıqlı sülh prinsiplərinə uyğundur. Ermənistan konstitusiyasında belə müddəaların mövcudluğu gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərində yeni münaqişə ocağının yaranmasına və bütövlükdə regionun təhlükəsizliyinə təhdid formalaşmasına səbəb ola bilər”.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan əldə etdiyi qələbə ilə bir neçə mühüm məqsədinə nail oldu: “Ən başlıcası, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da Azərbaycan-Ermənistan münasibətlərində işğal reallığı aradan qalxdı. İndi əsas diqqət sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinə, eləcə də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yönəlib. Hesab edirəm ki, Azərbaycanın qələbəsi ölkə sərhədlərindən kənara çıxan və bütövlükdə regional təhlükəsizliyə birbaşa təsir göstərən mühüm tarixi hadisədir. İstər Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, istərsə də digər dövlət və siyasi xadimlər Azərbaycanın qələbəsinin regiona sülh gətirilməsi baxımından əhəmiyyətini dəfələrlə vurğulayıblar. Bu gün də həmin proseslərin müsbət istiqamətdə inkişaf etdiyini görürük. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan nə Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşdırılması, nə də bu istiqamətə genişmiqyaslı investisiyaların yatırılması mümkün olardı. Çünki dəhlizin potensialı, müasir dünyada logistika təhlükəsizliyinin artan əhəmiyyəti və beynəlxalq nəqliyyat marşrutlarının kifayət qədər olmaması yükdaşımalarına birbaşa təsir göstərir. Mövcud maneələr isə qlobal iqtisadiyyata mənfi təsir edən amillərdəndir. Düşünürəm ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan və Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bu marşrutun imkanları böyük dövlətlərin də maraq dairəsində olacaq. Regionun beynəlxalq logistika baxımından xüsusi əhəmiyyətini nəzərə alsaq, gələcəkdə burada təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi də istisna deyil. Azərbaycanın qələbəsi regionun təhlükəsizliyi və uzunmüddətli sülhün təmin olunması ilə birbaşa bağlı olan mühüm tarixi hadisədir”.
Ayhan
16:45 11.11.2026
Oxunuş sayı: 38