Türkiyə müxalifət lideri niyə İlham Əliyevə zəng etdi? - Razi Nurullayev açıqladı
Azərbaycan-Türkiyə münasibətləri yalnız hakim partiyalar və dövlət rəhbərləri arasında əməkdaşlıqla məhdudlaşmır, iki ölkə arasındakı tarixi qardaşlıq əlaqələri siyasi spektrin müxtəlif təmsilçiləri tərəfindən də dəstəklənir. Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəlin Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə telefon açaraq Azərbaycan dövlətini və xalqını təbrik etməsi bu baxımdan diqqətçəkən hadisədir. Özəlin Qarabağın azadlığı uğrunda şəhid olanları ehtiramla yad etməsi və iki ölkə arasındakı tarixi qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulaması Türkiyədə Azərbaycana münasibətdə siyasi həmrəyliyin növbəti ifadəsi kimi qiymətləndirilə bilər.
Bəs Türkiyə müxalifət liderinin Azərbaycan Prezidentinə bu zəngi hansı siyasi və diplomatik mesajları ehtiva edir? Bu addım Türkiyədə Azərbaycanla münasibətlərə dair ümummilli yanaşmanın göstəricisi sayıla bilərmi? CHP sədrinin bu təşəbbüsünün iki ölkə arasındakı münasibətlərə mümkün təsirləri nədən ibarətdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, Özgür Özəlin Azərbaycan Prezidentinə zəng edərək xalqımızı Zəfər Günü münasibətilə təbrik etməsini çox müsbət və əhəmiyyətli siyasi addım kimi qiymətləndirirəm: “Bu, ilk növbədə, Azərbaycanın tarixi Zəfərinə Türkiyənin siyasi spektrində mövcud olan ümumi hörmətin və dəstəyin ifadəsidir. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə yalnız ölkəmizin deyil, bütün türk dünyasının qürur mənbəyidir. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsi oldu. Belə bir gündə Türkiyənin əsas müxalifət partiyasının sədrinin Azərbaycan Prezidentinə zəng edərək təbriklərini çatdırması xüsusi siyasi və mənəvi məna daşıyır”.
Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi partiyaların, hakimiyyət və müxalifət münasibətlərinin fövqündə dayanır: “Bizim birliyimiz ortaq tarixə, dilə, mədəniyyətə və sarsılmaz qardaşlığa əsaslanır. Türkiyədə siyasi baxışlar və rəqabət fərqli ola bilər, lakin Azərbaycanın milli maraqları, Qarabağ Zəfəri və dövlətçiliyimizə münasibətdə nümayiş etdirilən bu həmrəylik olduqca qiymətlidir. İnanıram ki, bu cür siyasi təmaslar iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə, Türkiyədə Azərbaycana olan ümummilli dəstəyin güclənməsinə xidmət edir. Azərbaycan üçün Türkiyənin siyasi elitasının bütövlükdə dost və qardaş mövqedə olması böyük strateji əhəmiyyət daşıyır”.
Ayhan
16:15 10.11.2026
Oxunuş sayı: 72