Ukrayna başlanğıc imiş: Növbəti hədəf Avropadır
Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik arxitekturasını, siyasi birliyini və beynəlxalq münasibətlər sistemindəki mövqeyini ciddi sınaq qarşısında qoyub. Müharibənin başlanmasından ötən müddətdə Avropa dövlətləri Ukraynaya hərbi, iqtisadi və siyasi dəstək göstərsələr də, münaqişənin gedişində Moskvanın qarşısını almaq və müharibənin nəticələrinə təsir göstərmək istiqamətində ciddi çətinliklərlə üzləşiblər. Rusiya Dövlət Dumasının deputatı Aleksey Tolstoyun Avropanı Ukrayna münaqişəsində uduzan tərəflər sırasında göstərməsi isə bu müzakirələri yenidən gündəmə gətirib.
Bəs Avropa dövlətləri Rusiyanı hansı səbəblərdən müharibədə geri çəkilməyə məcbur edə bilmədi? Ukraynaya göstərilən dəstək Avropanın təhlükəsizlik maraqlarına nə dərəcədə cavab verir? Avropa ölkələri münaqişədə yanlış strateji seçim etdilərmi, yoxsa qarşılaşdıqları çətinliklər daha geniş geosiyasi proseslərlə bağlıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov qeyd edib ki, Rusiya son dövrlər, xüsusilə də Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna müharibəsi məsələsində Qərb cəbhəsini iki yerə bölməyə çalışır: “Moskva Avropa ilə ABŞ arasında fikir ayrılıqlarından istifadə etməyə və daha çox Avropaya təzyiq göstərməyə yönəlmiş mövqe sərgiləyir. Ağ Ev rəhbəri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında aparılan danışıqlar, bunun nəticəsində Rusiya-ABŞ münasibətlərində müəyyən yumşalmanın müşahidə olunması Moskvanı Vaşinqtonla Avropa arasında yaranan soyuqluqdan faydalanmağa sövq edir. Bu baxımdan, Avropanın Ukraynanı müdafiə etməsi məsələsində tərəddüd yoxdur. Çünki Avropa çox yaxşı başa düşür ki, onun təhlükəsizliyi birbaşa Ukraynanın təhlükəsizliyi ilə bağlıdır. Ukrayna bu müharibədə məğlub olarsa, növbəti hədəfin Avropa olacağı ehtimalı Avropa dövlətləri üçün kifayət qədər ciddi narahatlıq yaradır. Bunun əsas səbəbi İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyinin böyük ölçüdə ABŞ tərəfindən təmin edilməsi, lakin Vaşinqtonun hazırda bu öhdəlikdən müəyyən qədər geri çəkilmək niyyətini nümayiş etdirməsidir. Bu isə Avropa üçün heç də arzuolunan vəziyyət deyil”.

Politoloq qeyd edib ki, hazırda Avropa çətin vəziyyətdə olsa da, Rusiyanın da Ukrayna müharibəsində qalib gəldiyini söyləmək mümkün deyil: “Doğrudur, Ukrayna ərazilərinin təqribən 21 faizi işğal altındadır. Lakin Rusiya Ukraynanı döyüş meydanında məğlub edə bilməyib. Əksinə, son bir ildə Ukrayna Rusiya ərazisindəki hədəflərə daha ciddi zərbələr endirib və müəyyən qədər işğal olunmuş ərazilərini azad etməyə nail olub”.
Ayhan
18:45 10.11.2026
Oxunuş sayı: 65