Rusiyada həbsxana rəisinin məhkumla gizli əməkdaşlığı araşdırılır
Rusiyanın Çelyabinsk vilayətində 18 saylı cəzaçəkmə müəssisəsinin rəisi və həmin müəssisədə cəza çəkən məhkum saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” Rusiyanın Federal Penitensiar Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, koloniyanın rəisi barəsində vəzifə səlahiyyətlərini aşma, məhkum barəsində isə cinayətkar iyerarxiyada yüksək mövqe tutma maddələri ilə cinayət işi açılıb. Hazırda hər iki şəxs barəsində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına əsasən, məhkum cəzaçəkmə müəssisəsində olduğu müddətdə kriminal status əldə edərək cinayətkar iyerarxiyada yüksək mövqe tutub.
İstintaqın versiyasına görə, o, 2023-cü ildən etibarən müəssisədə məhkumlar üzərində qeyri-rəsmi nəzarəti həyata keçirən şəxsləri təyin və vəzifədən kənarlaşdırıb, onlara qadağan olunmuş mobil telefon və aksesuarlar paylayıb, davranış qaydaları müəyyənləşdirib, həmçinin digər qanunsuz hərəkətlərə yol verib.
İddialara görə, koloniyanın rəisi məhkumun kriminal statusundan xəbərdar olsa da, müəssisədə nizam-intizamın qorunması görüntüsü yaratmaq məqsədilə digər məhkumlar üzərində nəzarətin bir hissəsini faktiki olaraq ona həvalə edib. Bunun müqabilində həmin şəxsdən kollektivin idarə olunmasında dəstək alıb.
Bundan başqa, koloniyanın rəisinin məhkumu qarşıdan gələn axtarış və yoxlamalar barədə əvvəlcədən məlumatlandırdığı, onun müəssisə ərazisində, o cümlədən xüsusi rejimli bölmələrdə sərbəst hərəkət etməsinə şərait yaratdığı bildirilir.
19:34 10.11.2026
Oxunuş sayı: 39