Tramp Rusiya məmuru kimi açıqlamalar verir - Politoloq
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin yekunları ilə bağlı son açıqlaması beynəlxalq siyasi gündəmdə yeni müzakirələrə yol açıb. O, müharibə başa çatdıqdan sonra Ukraynanın “bir qədər fərqli formaya düşəcəyini” bildirib. Tramp bu ifadə ilə konkret olaraq hansı dəyişiklikləri nəzərdə tutduğunu açıqlamasa da, bəyanat ölkənin ərazi bütövlüyü və gələcək sərhədləri ilə bağlı narahatlıqları artırıb. Kremlin sözçüsü Dmitri Peskovun da Ukraynanın artıq coğrafi baxımdan fərqli ölkə olduğunu söyləməsi Moskvanın bu açıqlamaya münasibətini diqqətə çatdırıb.
Digər tərəfdən, müharibədən sonrakı Ukraynanın gələcəyi ilə bağlı müzakirələrdə ABŞ-nin siyasi və iqtisadi maraqlarının hansı formada təzahür edəcəyi də diqqət çəkir. Vaşinqtonun Kiyevə dəstəyi, ölkənin bərpasında iştirakı və təbii resursları ilə bağlı məsələlər fonunda Trampın “fərqli forma” ifadəsi əlavə suallar doğurur. Bəs ABŞ Prezidenti Ukraynanın ərazi güzəştlərinə getməsini nəzərdə tutur, yoxsa ölkənin siyasi və iqtisadi modelində dəyişiklikdən danışır? ABŞ-nin Ukrayna torpaqlarında və resurslarında pay sahibi olması ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, ABŞ prezidenti Donald Trampın son vaxtlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi açıqlamalar Kremlin mövqeyi ilə üst-üstə düşür: “Tramp sanki Rusiyanın məmuru və ya rəsmi dairələrinin nümayəndəsi kimi danışır. O, Rusiyanın maraqlarını ciddi şəkildə müdafiə etməyə çalışır. Bu isə onun müharibə ilə bağlı açıqlamalarının Ukraynaya qarşı qərəzli xarakter daşıdığını və ölkə üçün real təhlükə yaratdığını göstərir. Trampın Ukrayna üçün nəzərdə tutduğu yeni formatın mahiyyəti ondan ibarətdir ki, mövcud şərtlər daxilində Rusiyanın tələbləri əsasında yekun sülh sazişi imzalanarsa, Ukrayna ərazilərinin müəyyən hissəsi Rusiyanın nəzarətinə keçəcək. Tramp da məhz bunu nəzərdə tutur. O hesab edir ki, növbəti danışıqlar mərhələsində Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməlidir. Əbu-Dabidə keçirilən görüşdə də ABŞ-nin əsas tezislərindən biri Ukraynanın Rusiyanın tələb və şərtlərini qəbul etməsi və bununla da sülhə, atəşkəsə nail olunmasıdır”.

Politoloq qeyd edib ki, Rusiyanın mövqeyini nəzərə aldıqda, Trampın səsləndirdiyi fikirlərin Moskvanın tələbləri ilə tamamilə üst-üstə düşdüyü görünür: “Yəni ABŞ Prezidenti hazırda sanki Rusiyanın təmsilçisi kimi davranır. Təbii ki, rəsmi Kiyev bununla razılaşmayacaq. Ukrayna dəfələrlə bəyan edib ki, ölkənin bir qarış torpağı belə Rusiyaya güzəştə verilməyəcək. Sülh əldə olunacaqsa, bu, Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi şərti ilə mümkün ola bilər. Bu isə o deməkdir ki, Tramp həm özünün, həm də Rusiyanın arzularını ifadə etsə də, onların reallaşma ehtimalı o qədər də yüksək deyil. Xüsusilə ABŞ-də keçirilmiş aralıq seçkilərin nəticələrindən sonra Trampın yaxın aylarda Ukraynaya münasibətdə Rusiyayönümlü mövqedən çıxış etmək imkanını qoruyub saxlayacağı da inandırıcı görünmür. Bu baxımdan, Trampın Ukrayna üçün guya yeni format irəli sürməsi tamamilə absurd, qərəzli və məntiqsiz yanaşmadır. Böyük ehtimalla, bu, yalnız Trampın şəxsi təsəvvürləri olaraq qalacaq”.
Ayhan
18:00 10.11.2026
Oxunuş sayı: 83