Demokratların üstünlük qazanması Trampı “topal ördək” vəziyyətinə salacaq- Ekspert
ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri ölkənin siyasi mənzərəsində yeni mərhələnin başlanğıcını qoyur. Demokratların Senatda çoxluğu ələ keçirməsi və Konqresin digər palatasında da üstünlük əldə etməsi Prezident Donald Trampın daxili və xarici siyasət kursuna təsir göstərə biləcək mühüm amildir. Bu nəticələr Ağ Ev ilə Konqres arasında münasibətlərin necə formalaşacağı, Tramp administrasiyasının qərarlarının hansı səviyyədə dəstəklənəcəyi və ABŞ-nin beynəlxalq müstəvidəki mövqeyinin dəyişib-dəyişməyəcəyi ilə bağlı suallar yaradır. Xüsusilə Vaşinqtonun Avropa, Yaxın Şərq, Rusiya, Çin və Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verə biləcəyi diqqət mərkəzindədir. Bəs demokratların Konqresdə üstünlük qazanması Trampın fəaliyyət imkanlarını nə dərəcədə məhdudlaşdıracaq və bu siyasi dəyişikliklər ABŞ-nin xarici siyasətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, demokratların qələbəsi, ilk növbədə, Donald Trampın prezident kimi həddindən artıq və nəzarətsiz davranışlarına müəyyən çərçivə gətirəcək: "Trampın səlahiyyətlərini məhdudlaşdıran qərarların qəbul edilməsi gündəmə gələcək. Bu qərarları isə prezident böyük ehtimalla veto ilə qarşılayacaq. Tramp artıq indidən özünü “veto prezidenti” adlandırır. Lakin bu cür qarşıdurma ABŞ-nin maraqlarına xidmət etməyəcək. Beləliklə, Konqresdə demokratların üstünlük qazanması Donald Trampı bir növ “topal ördək” vəziyyətinə sala bilər. Bu halda prezidentin fəaliyyəti daha çox Konqreslə qarşılıqlı mübarizə, tərəflərin bir-birinin qərarlarını məhdudlaşdırmaq və ya onlara veto qoymaq cəhdləri ilə müşayiət olunacaq. Nəticədə növbəti iki il ərzində ABŞ-də siyasi qarşıdurma dərinləşə, mühüm qərarların qəbulu ləngiyə bilər. Bu isə ölkə üçün ciddi vaxt itkisi deməkdir və ABŞ-nin inkişafına əlavə imkanlar qazandırmayacaq. Xarici siyasət məsələsinə gəldikdə isə, bu sahə əsasən Donald Trampın və onun administrasiyasının səlahiyyət dairəsinə daxildir. Bununla belə, düşünürəm ki, burada da müəyyən problemlər yaranacaq. Çünki Trampın xarici siyasəti onun şəxsi davranışları kimi qeyri-müəyyən və spontan xarakter daşıyır, bəzi hallarda isə beynəlxalq hüquq normalarına lazımi diqqət yetirilmir. Bu yanaşma ABŞ-yə qazandırmaqdan daha çox itkilər gətirir. Diqqət etsək, Trampın iddialarına baxmayaraq, ABŞ qlobal miqyasda etimadını sürətlə itirir. Hətta NATO çərçivəsində ənənəvi strateji müttəfiqləri belə bir sıra məsələlərdə Trampın mövqeyi ilə razılaşmırlar”.

N.Miri qeyd edib ki, bunun bariz nümunələrindən biri ABŞ-nin İranla qarşıdurması zamanı müttəfiqlərinin Vaşinqtonun mövqeyini tam dəstəkləməməsi oldu: “Bu vəziyyət təbii ki, Trampın ciddi narazılığına səbəb oldu. Eyni zamanda, Tramp administrasiyasının Avropa İttifaqına münasibəti də demokratlar tərəfindən müsbət qarşılanmır. Halbuki Cozef Baydenin prezidentliyi dövründə demokratlar Avropa İttifaqı ilə münasibətlərdə müəyyən tarazlıq yaratmağa, ABŞ-nin Avropa üçün əvəzolunmaz güc mərkəzi olduğu qənaətini möhkəmləndirməyə çalışmışdılar. Həmin dövrdə Avropa İttifaqının ABŞ ətrafında daha sıx birləşməsi istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Trampın hakimiyyətə qayıdışı ilə isə bu münasibətlərdə formalaşmış tarazlıq ciddi şəkildə pozuldu. Düşünürəm ki, bu istiqamətdə də problemlər davam edəcək. Çünki Trampın Avropa İttifaqına münasibəti yalnız onun şəxsi yanaşması deyil, administrasiyasının digər əsas təmsilçilərinin mövqeyində də özünü göstərir. İstər vitse-prezident, istər dövlət katibi, istərsə də Pentaqon rəhbərliyi olsun, bu şəxslərin yanaşmaları ümumilikdə Trampın mövqeyindən ciddi şəkildə fərqlənmir. Buna görə də xarici siyasətdə yaxın perspektivdə köklü dəyişikliklərin baş verəcəyini düşünmürəm. Bununla belə, Konqreslə Donald Tramp administrasiyası arasında xarici siyasət məsələləri üzrə də müəyyən fikir ayrılıqlarının və qarşıdurmaların yaranacağını ehtimal edirəm. Ancaq onu da qeyd etmək lazımdır ki, Donald Trampın siyasətində yalnız yanlış addımlar olmayıb. Onun prezidentliyi dövründə, xüsusilə demokratların Bayden administrasiyası zamanı reallaşdıra bilmədiyi bəzi geosiyasi təşəbbüslər irəli aparılıb. Məsələn, ABŞ bu gün həm Cənubi Qafqazda, həm də Türküstan və Mərkəzi Asiya regionunda mövqelərini gücləndirməyə davam edir. Bunun nümunələrindən biri TRIPP layihəsidir. Vaxtilə Bayden administrasiyasının Cənubi Qafqaz siyasətində Azərbaycanla münasibətlərdə yol verdiyi yanaşma fərqləri və regiondakı digər aktorlara üstünlük verilməsi ABŞ-nin özü üçün müəyyən problemlər yaratmışdı. Tramp administrasiyası isə C5+1 formatı çərçivəsində Mərkəzi Asiyada mövqelərini tədricən möhkəmləndirir”.
Politoloq qeyd edib ki, belə bir şəraitdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və əlaqələrin genişlənməsi prosesini müşahidə edirik: “Bu prosesə dəstək verən dövlətlərdən biri də ABŞ-dir. Tramp administrasiyasının bu istiqamətdəki siyasəti yeni ticarət marşrutlarına, enerji xətlərinə və nəqliyyat-kommunikasiya şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi baxımından Vaşinqton üçün əhəmiyyətlidir. TRIPP layihəsi də bu maraqların konkret nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Unutmayaq ki, bu gün pərdəarxasında gedən ən böyük geosiyasi mübarizələrdən biri Avrasiya uğrundadır. Çinin Mərkəzi Asiyada ciddi yumşaq güc imkanları, eləcə də region ölkələrinə yatırdığı böyük həcmdə investisiyalar var. Rusiya da Mərkəzi Asiyanı hələ də özünün ənənəvi təsir dairəsi hesab edir və bu regiondan vaz keçmək istəmir. Türk dövlətlərinin birliyinə üzvlük məsələsinin gündəmə gətirilməsi də Rusiyanın gələcək niyyətləri və regiondakı maraqları baxımından diqqətəlayiq məqamdır. Bütün bunları nəzərə alsaq, demək olar ki, Bayden administrasiyasının və ümumilikdə demokratların həyata keçirə bilmədiyi bəzi geosiyasi və geoiqtisadi təşəbbüslər Trampın prezidentliyi dövründə ABŞ üçün müəyyən imkanlar yaradıb. Düşünmürəm ki, demokratlar hakimiyyətə gəldikləri təqdirdə bu nailiyyətlərdən imtina etsinlər. Çünki söhbət partiya maraqlarından daha çox ABŞ-nin dövlət maraqlarına xidmət edən məsələlərdən gedir. Bu baxımdan, demokratların həmin istiqamətdəki siyasəti tamamilə dəyişəcəyini gözləmirəm. Bir cümlə ilə ifadə etsək, aralıq seçkilərinin nəticələri Donald Trampın fəaliyyət imkanlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər. Çünki onun son iki ildəki siyasətində dağıdıcı xarakter daşıyan addımlar üstünlük təşkil edib. Kanadanı ABŞ-yə birləşdirmək, Qrenlandiyanı ələ keçirmək kimi absurd iddialarla çıxış etməsi, Avropa İttifaqı ölkələrinin daxili işlərinə müdaxilə xarakteri daşıyan bəyanatları Vaşinqtonun ənənəvi müttəfiqlərinin ABŞ-dən uzaqlaşmasına və tərəflər arasında fikir ayrılıqlarının dərinləşməsinə səbəb olub. Bu baxımdan, seçkilərin nəticələri müəyyən mənada Trampın siyasi fəaliyyətinə məhdudiyyətlər gətirə bilər. Lakin geniş mənada bu seçkilərin nəticələrinin ABŞ üçün müsbət dəyişikliklər yaradacağını düşünmürəm. Sadəcə, növbəti iki il ərzində demokratlarla Tramp administrasiyası arasında qarşılıqlı mübarizə davam edəcək. Bu isə ölkənin siyasi və institusional resurslarının əhəmiyyətli hissəsinin daxili qarşıdurmaya sərf olunması deməkdir. Demokratların qələbəsi hər şeyin avtomatik olaraq yaxşılaşacağı anlamına da gəlmir. Unutmayaq ki, Nobel Sülh Mükafatı laureatı Barak Obamanın prezidentliyi dövründə İŞİD kimi bütün dünya üçün ciddi təhlükəyə çevrilən terror təşkilatı meydana çıxdı və sonradan bu təşkilat ABŞ-nin özü üçün də böyük problemə çevrildi. Məhz Obama administrasiyasının hakimiyyəti illərində Suriyada 14 il davam edən vətəndaş müharibəsinin əsası qoyuldu və ölkə dağıdıcı münaqişəyə sürükləndi. Eyni zamanda, ABŞ-nin İranla bağlı bugünkü qarşıdurmasının əsasını qoyan məsələlərdən biri də Obama administrasiyasının Tehranla əldə etdiyi nüvə razılaşması zamanı yol verilən səhvlər idi. Buna görə də demokratlardan da yüksək gözləntilərə malik olmağın tərəfdarı deyiləm. Əgər onların əsas məqsədi qisas almaq və Donald Trampı siyasi baxımdan cəzalandırmaq olacaqsa, bu, əlbəttə ki, ABŞ üçün böyük vaxt itkisinə çevriləcək. Əsas məsələ partiyalararası mübarizəni dərinləşdirmək deyil, ölkənin milli maraqlarına xidmət edən qərarların qəbulunu təmin etməkdir”.
Ayhan
19:38 05.11.2026
Oxunuş sayı: 62