Türk dünyası kosmik yarışa qoşulur: Böyük hədəflər, ortaq layihələr
Kosmos artıq yalnız böyük dövlətlərin elmi və texnoloji rəqabət apardığı
sahə deyil. Bu istiqamət həm də ölkələrin iqtisadi imkanlarını, elmi
potensialını, müdafiə və təhlükəsizlik sistemlərini, informasiya
texnologiyalarını inkişaf etdirmək baxımından strateji əhəmiyyət daşıyır. Peyk
texnologiyaları rabitə, naviqasiya, meteorologiya, kənd təsərrüfatı, təbii
fəlakətlərin monitorinqi və bir sıra digər sahələrdə geniş imkanlar yaradır. Bu
səbəbdən dünyada kosmik sənayeyə yatırılan investisiyalar və beynəlxalq
elmi-texniki əməkdaşlıq getdikcə artır.
Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində də bu sahədə əməkdaşlığın
genişləndirilməsi istiqamətində konkret addımlar atılır. Təşkilata üzv ölkələr
təkcə siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirməklə kifayətlənmək
istəmir, həm də müasir texnologiyaların inkişafında ortaq mövqe formalaşdırmağa
çalışırlar. Bu baxımdan kosmik tədqiqatlar, peyk istehsalı, gənclərin elmi
layihələrə cəlb olunması və texnoloji təcrübə mübadiləsi Türk dünyası üçün yeni
əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır.
TDT-nin Ankara Zirvəsinin Bəyannaməsində kosmos və aviasiya sahəsinə əvvəlki
sənədlərlə müqayisədə daha geniş yer ayrılması da bu istiqamətə verilən
əhəmiyyətin göstəricisidir. Təşkilat çərçivəsində 12U TDT-SAT adlı ortaq kub
peykinin istehsal mərhələsinin tamamlanması, onun 2027-ci ilin ikinci yarısında
Qazaxıstandakı Baykonur kosmodromundan orbitə buraxılmasının planlaşdırılması
əməkdaşlığın artıq bəyanatlardan konkret layihələrə keçdiyini göstərir. Bununla
yanaşı, “Türk Dünyası Kosmos Günləri”nin təşkili, gənclər üçün kosmik təhsil
proqramlarının genişləndirilməsi və TEKNOFEST kimi platformaların dəstəklənməsi
də ortaq elmi-texnoloji mühitin formalaşdırılmasına xidmət edir.
Azərbaycanın bu prosesdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq
Astronavtika Konqresinin 2023-cü ildə Bakıda keçirilməsi ölkəmizin kosmik
sahədə beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirmişdi. Türkiyənin bu il
həmin tədbirə ev sahibliyi etməsi, 2028-ci ildə isə konqresin Özbəkistanda
keçirilməsinin planlaşdırılması Türk dövlətlərinin qlobal kosmik gündəmdə daha
fəal iştirak etmək niyyətini ortaya qoyur.
Bununla belə, ortaq layihələrin elan edilməsi ilə onların real texnoloji və iqtisadi nəticələr verməsi arasında ciddi fərq var. Əsas məsələ yalnız peykin orbitə çıxarılması deyil, onun hansı məqsədlərlə istifadə ediləcəyi, üzv ölkələrin bu layihədən hansı elmi və iqtisadi fayda əldə edəcəyi, texnologiyanın nə dərəcədə yerli mütəxəssislər tərəfindən mənimsəniləcəyi və əməkdaşlığın davamlı mexanizmlərinin necə qurulacağıdır. Türk dövlətlərinin kosmik sənayedə qlobal rəqabətə qoşulması üçün maliyyə, kadr hazırlığı, elmi infrastruktur və texnoloji müstəqillik məsələlərinin də həlli vacibdir.

Crossmedia.az-a açıqlamasında akademik
Nizami Cəfərov bildirib ki, hansı sahə olursa-olsun, orada Türk dünyasının
inteqrasiya imkanları və öz imzası olmalıdır:
“Bu istiqamətdə müəyyən qüvvə və resurslar səfərbər edilməlidir. Çünki
inteqrasiyanın elə sahələri var ki, onlar artıq dünya miqyaslı əhəmiyyət
daşıyır.
Xüsusilə müasir texnologiyalar, süni intellekt, kosmosun öyrənilməsi, Yer
kürəsinin tədqiqi və digər qlobal məsələlər bu baxımdan diqqət mərkəzində
olmalıdır. Türk dünyası da bu proseslərdə dünya ilə birlikdə inkişaf edir.
Məsələn, gələcəkdə kosmos sahəsində türk mənşəli və ya Türk dünyası ilə bağlı,
türk ruhunu daşıyan mütəxəssislər yetişəcəksə, onlar, təbii ki, dünya elminin
nailiyyətləri əsasında formalaşacaqlar. Lakin onların mənəvi bağlılığı və
dünyagörüşü Türk dünyası ilə əlaqəli ola bilər. Bu da Türk dünyasına
intellektual baxımdan özünəməxsusluq qazandıra, eyni zamanda peşəkar əməkdaşlıq
mühiti yarada bilər.
Ancaq biz Türk dünyasının inteqrasiyasını əsasən mədəni və etnoqrafik
sahələrdə axtarırıq. Daha çox dil, ədəbiyyat, mədəniyyət və tarix kimi
istiqamətlərə diqqət yetiririk. Halbuki inteqrasiya imkanları bununla
məhdudlaşmamalıdır.
Prinsip etibarilə, bu sahələrlə türklər özləri daha dərindən məşğul olurlar.
Əvvəllər ingilis, fransız və alman tədqiqatçılarının araşdırmalarına,
gəldikləri nəticələrə daha çox ehtiyac duyurduq. Lakin indi vəziyyət dəyişib.
Türk xalqlarının ziyalıları, elm adamları və mütəxəssisləri bu məsələləri daha
dərindən öyrənir, öz tədqiqatlarını aparırlar. Bu istiqamətdə inteqrasiya prosesləri
də artıq normal məcrada inkişaf edir.
Nizami Cəfərov qeyd edib ki, zaman
keçdikcə elmlərin özləri də inteqrasiya olunur:
“Məsələn, bu gün dil, ədəbiyyat, mədəniyyət və tarix kimi sahələrə belə
müəyyən texniki elmlər və müasir texnoloji metodlar daxil olur.
Ona görə də Türk dünyasında gedən inteqrasiya prosesləri, şübhəsiz ki, bütün
elm sahələrini və texnologiyanın müxtəlif istiqamətlərini əhatə edir. Əvvəlki
söhbətimizə və sizin sualınıza qayıdaraq qeyd etmək istərdim ki, Türk
dünyasının beynəlxalq miqyasda vahid güc mərkəzinə çevrilməsi baxımından elmi,
elmi-texniki və elmi-tətbiqi sahələrdə inteqrasiyanın çox böyük əhəmiyyəti var.
Əslində, Türk dünyası anlayışının mahiyyəti də elə budur: inteqrasiya.
Bu inteqrasiya dünyada gedən ümumi inteqrasiya proseslərinin tərkib hissəsidir.
Onun dünya üçün heç bir təhlükəsi yoxdur. Əksinə, türk xalqlarının ümumdünya
mədəniyyətinə verdiyi töhfə kimi qlobal harmoniyanın formalaşmasına xidmət
edir.
Təsadüfi deyil ki, bu gün Türk dünyasında Azərbaycan önə çıxan ölkələrdən
biridir. Artıq uzun illərdir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqa həsr
olunan beynəlxalq forumlar keçirilir. Bütün dünya görür ki, Türk dünyası və
onun ayrı-ayrı tərkib hissələri dünya mədəniyyətinin inteqrasiyasına nə qədər
böyük töhfələr verir.
Azərbaycan dünyada mədəni əlaqələrin genişlənməsində, sülhün bərqərar
olunmasında, müxtəlif mədəniyyətlərin, düşüncə tərzlərinin və dinlərin
bir-birini anlamasında mühüm rol oynayır. Ərazisi tarixən parçalanmış və
kiçildilmiş olsa da, Azərbaycan əslində öz tarixi, mədəniyyəti və beynəlxalq
fəaliyyəti ilə böyük bir gücə malikdir.
Bunun başqa bir əhəmiyyəti də var: Türk dünyası çərçivəsində inteqrasiya
prosesləri Azərbaycanın özünün gələcək inteqrasiyası məsələsi baxımından da
mühüm rol oynaya bilər. Yəni Türk dünyasının inteqrasiyası daxilində
Azərbaycanla bağlı parçalanmışlıq probleminin həlli istiqamətində də bu
proseslərin əhəmiyyəti böyükdür”.
18:30 05.11.2026
Oxunuş sayı: 70