İrandan ABŞ-yə sərt xəbərdarlıq: Almaniya və İtaliya da hədəfə alına bilər
İran ABŞ-nin mümkün yeni hücumunda Avropadakı hərbi bazalardan istifadə ediləcəyi təqdirdə Almaniya və İtaliyadakı obyektlərə də zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “Euronews” bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bəxşayeş Ərdəstaninin açıqlamasına istinadən məlumat yayıb.
İranlı deputat bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlar zamanı Avropadakı bazalarından istifadə edərsə, Tehran həmin obyektləri mümkün cavab zərbələrinin hədəfi hesab edəcək.
“Əgər ABŞ Avropadakı, o cümlədən İtaliya və Almaniyadakı bazalarından istifadə etsə, İran raketləri Avropaya yönələcək”, – deyə o xəbərdarlıq edib.
İranın yeni ali dini lideri Müctəba Xamenei də ölkəsinə qarşı mümkün hücumlara coğrafi məhdudiyyət olmadan cavab veriləcəyini bildirib.
Tehran rəsmiləri ABŞ ilə hərbi qarşıdurmanın yenidən başlaması halında cavab tədbirlərinin daha geniş ərazini əhatə edə biləcəyini vurğulayıblar.
Bununla yanaşı, İran Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsində israr edir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın tələblərini tam yerinə yetirməyənədək boğazın açılması mümkün olmayacaq.
17:34 05.11.2026
Oxunuş sayı: 68