Sumqayıtda avtobus problemi: Sərnişinlər 40 dəqiqəyədək gözləyir
Sumqayıtda ictimai nəqliyyat sakinlərin gündəlik həyatını asanlaşdırmaq
əvəzinə, ciddi narazılıq mənbəyinə çevrilib. Redaksiyamıza daxil olan
şikayətlərdə şəhərdə avtobusların texniki vəziyyətinin qənaətbəxş olmadığı,
nəqliyyat vasitələrinin köhnəldiyi, bəzi avtobusların isə sözün əsl mənasında
dağılıb-töküldüyü bildirilir.
Sakinlərin sözlərinə görə, problem təkcə avtobusların xarici görünüşü və
texniki vəziyyəti ilə məhdudlaşmır. Marşrut xətlərində avtobus çatışmazlığı
səbəbindən intervalın 30-40 dəqiqəyə qədər uzandığı iddia olunur. Bu isə
xüsusilə işə və dərsə tələsən, gün ərzində ictimai nəqliyyatdan bir neçə dəfə
istifadə edən sərnişinlər üçün ciddi çətinlik yaradır.
İctimai nəqliyyat şəhərin əsas infrastruktur xidmətlərindən biridir.
Sakinlərin rahat və təhlükəsiz şəkildə bir ünvandan digərinə çatması üçün
avtobusların həm texniki baxımdan saz, həm də say etibarilə kifayət qədər
olması vacibdir. Lakin Sumqayıtdan redaksiyamıza ünvanlanan şikayətlər bu
sahədə ciddi problemlərin mövcudluğundan xəbər verir.
Avtobusların köhnə olması yalnız komfort məsələsi deyil. Nəqliyyat
vasitələrinin texniki vəziyyəti birbaşa sərnişinlərin təhlükəsizliyi ilə
bağlıdır. Digər tərəfdən, marşrutlarda avtobusların azlığı gözləmə müddətini
artırır, dayanacaqlarda sıxlıq yaradır və insanların gündəlik planlarına təsir
göstərir.
Belə olan halda sual yaranır: Sumqayıt kimi böyük şəhərdə ictimai
nəqliyyatın mövcud tələbatı niyə tam qarşılanmır? Marşrut xətlərində
avtobusların sayı hansı meyarlarla müəyyənləşdirilir?
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Crossmedia.az-ın
sorğusuna cavab olaraq bildirib ki, Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə
göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün marşrut xətləri təhlil
edilir:
“Şəhərin ictimai nəqliyyat planı hazırlanıb və tətbiqi mərhələli şəkildə
həyata keçirilir.
Artıq Sumqayıtda 3 marşrut xətti müsabiqəyə çıxarılıb və 1 marşrut xətti
üzrə müsabiqənin qalibi müəyyən edilib. Müsabiqə nəticəsində marşrut xətlərinə
yeni və müasir avtobusların cəlb edilməsi planlaşdırılıb. Digər marşrut
xətlərinin də mərhələli şəkildə müsabiqəyə çıxarılması nəzərdə tutulub.
Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən daşıyıcılara marşrut xətlərinin
nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması,
avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi, nəqliyyat
vasitələrinin saz vəziyyətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib”.
Sumqayıt sakinləri ictimai nəqliyyatdan istifadə etmək üçün hər gün onlarla dəqiqə dayanacaqda gözləməli, üstəlik, köhnə və texniki vəziyyəti narahatlıq doğuran avtobuslarla yol getməli olmamalıdır. İctimai nəqliyyatın keyfiyyəti şəhərin inkişaf səviyyəsinin də göstəricilərindən biridir.
Məhəbbət Tərlanoğlu
18:00 05.11.2026
Oxunuş sayı: 58