Rusiya Gürcüstanın müxalifət partiyasını arzuolunmaz təşkilat elan edib
Rusiya Baş Prokurorluğu Gürcüstanın müxalif “Droa!” (“Vaxtdır!”) partiyasının ölkə ərazisində fəaliyyətini arzuolunmaz elan edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Baş Prokurorluğu bu barədə rəsmi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, partiya üzvləri Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirir və Moskva ilə Tbilisi arasında münasibətlərin normallaşmasına qarşı çıxırlar.
Rusiya tərəfinin iddiasına görə, “Droa!” partiyası iki ölkə arasında birbaşa aviareyslərin dayandırılmasını və Rusiya vətəndaşları üçün viza rejiminin bərpasını tələb edir.
Bundan əlavə, partiya Rusiyanı Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə ittiham edir, Ukraynanı dəstəkləyir və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını müdafiə edir.
Qeyd edək ki, “Droa!” partiyası 2021-ci ildə Gürcüstan parlamentinin keçmiş deputatı Elene Xoştariya tərəfindən yaradılıb.
Partiyanın daxil olduğu “Dəyişiklik Naminə Koalisiya” 2024-cü il parlament seçkilərində səslərin təxminən 11 faizini qazanıb. Lakin müxalifət seçkilərin saxtalaşdırıldığını bildirərək nəticələri tanımayıb və deputat mandatlarından imtina edib.
17:04 05.11.2026
Oxunuş sayı: 59