Trampın Putinlə razılaşması iflasa uğramaq təhlükəsi ilə üzləşib
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının idxalına dair əldə etdiyi razılaşmanın icrası ciddi çətinliklərlə üzləşib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiyadan ABŞ-yə dizel yanacağı daşıyan üç tankerdən ikisi sanksiya riskləri və amerikalı alıcıların tərəddüdləri fonunda əvvəlcədən müəyyən edilmiş marşrutunu dəyişib.
Belə ki, “Leruo” tankeri Braziliyaya istiqamətlənib, “Talisman” gəmisi isə Aralıq dənizinə daxil olaraq Əlcəzair sahilləri yaxınlığında dayanıb.
Üçüncü tanker – “Agioi Fanendes” isə Nyu-York istiqamətində hərəkətini davam etdirir. Bununla belə, gəminin son təyinat limanı hələ təsdiqlənməyib və onun da marşrutunu dəyişməsi istisna olunmur.
Bildirilir ki, ABŞ şirkətləri Rusiya yanacağının alınması ilə bağlı hüquqi məhdudiyyətlərdən və mümkün sanksiyalardan ehtiyat edirlər.
Qeyd edək ki, Tramp və Putin arasında dizel yanacağının tədarükünə dair razılaşma ABŞ-də yanacaq qiymətlərinin aşağı salınması məqsədilə əldə olunub. Lakin mövcud vəziyyət razılaşmanın icrasını sual altına qoyur.
15:31 05.11.2026
Oxunuş sayı: 57