Diqqət: dövlət bu şəxslərə 1500 manat ödəyəcək
Uşağın dünyaya gəlməsi hər bir ailənin həyatında yeni sevinc və məsuliyyət mərhələsinin başlanğıcıdır. Lakin bu sevinclə yanaşı, xüsusilə ilk aylarda ailələrin üzərinə ciddi maliyyə yükü də düşür. Körpənin ilkin ehtiyacları, gündəlik xərclər və artan qiymətlər valideynlər üçün əlavə iqtisadi çətinliklər yaradır. Bu baxımdan, Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması təklifi diqqət çəkir. 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapan bu dəyişiklik reallaşarsa, ailələrə göstərilən sosial dəstəyin əhəmiyyətli dərəcədə genişlənməsi demək olacaq. Bəs nəzərdə tutulan artım nə dərəcədə realdır və 1500 manatlıq müavinət yeni valideynlərin maddi yükünü azaltmaq üçün nə qədər əhəmiyyətli rol oynaya bilər?
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, təklif olunan artım xüsusilə gənc ailələr, ilk övladını dünyaya gətirən valideynlər və maddi imkanları məhdud olan ailələr üçün əhəmiyyətli dəstək ola bilər: “Uşağın dünyaya gəlməsi ailə üçün sevinclə yanaşı, müəyyən maliyyə məsuliyyəti də yaradır. Xüsusilə doğuşdan sonrakı ilk dövrdə valideynlər beşik, uşaq arabası, geyim, gigiyena vasitələri, bezlər, tibbi ləvazimatlar və digər zəruri ehtiyaclara böyük vəsait ayırmalı olurlar. Mövcud qiymətləri nəzərə alsaq, 600 manat bu xərclərin ödənilməsi üçün kifayət etmir. Müavinətin 1500 manata çatdırılması isə ailələrin ilkin xərclərinin müəyyən hissəsini ödəməyə imkan verəcək”, – deyə ekspert qeyd edib.

Professorun sözlərinə görə, birdəfəlik
doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması dövlət büdcəsi
baxımından da real və əsaslandırıla bilən addım kimi qiymətləndirilə bilər: “Bu
qənaətini əsaslandıran amillərdən biri kimi ölkədə doğum sayının azalmasını
göstərən ekspert bildirib ki, son illərin statistikası demoqrafik tendensiyanın
dəyişdiyini nümayiş etdirir. Belə ki, Azərbaycanda 2020-ci ildə 126 571 uşaq
doğulduğu halda, 2025-ci ildə bu göstərici 95 875 olub. Beləliklə, beş il ərzində
doğulan uşaqların sayı 30 696 nəfər azalıb”.
Rəsmiyyə Abdullayevanın sözlərinə
görə, 2025-ci ildə doğulan uşaqların sayını əsas götürərək hər uşağa 600 manat
birdəfəlik müavinət hesabladıqda, ümumi məbləğ 57 milyon 525 min manat təşkil
edir: “Müavinətin 1500 manata çatdırılması halında isə bu göstərici 143 milyon
812 min 500 manata yüksəlir. Başqa sözlə, eyni sayda doğum olduğu təqdirdə dövlət
büdcəsi üçün əlavə maliyyə ehtiyacı təxminən 86 milyon 287 min 500 manat təşkil
edəcək. Bu məbləğ ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından
mühüm nəticə verə bilər. Bununla belə, təklifin real sosial təsirini qiymətləndirərkən
inflyasiya, əhalinin gəlirləri və uşaqların saxlanılması ilə bağlı artan xərclər
də nəzərə alınmalıdır. Gənc ailələrə dəstək yalnız birdəfəlik doğum müavinətinin
artırılması ilə məhdudlaşmamalıdır. Uşağın böyüdülməsi birdəfəlik xərc deyil,
uzunmüddətli maliyyə məsuliyyətidir. Ona görə də doğum müavinətinin artırılması
ilə yanaşı, uşağa qulluğa görə digər sosial dəstək mexanizmlərinin genişləndirilməsi
də vacibdir. Daha effektiv sosial nəticə əldə etmək üçün birdəfəlik ödənişlər
davamlı sosial müdafiə tədbirləri ilə tamamlanmalıdır”, – deyə professor qeyd
edib.
Ayhan
15:00 05.11.2026
Oxunuş sayı: 277