Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurub
Ukrayna noyabrın 5-nə keçən gecə Rusiyanın Ryazan vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib. Nəticədə ölkənin ən böyük neft emalı zavodlarından birində və “Wildberries” şirkətinin logistika mərkəzində yanğın baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Kyiv Post” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində “Rosneft” şirkətinə məxsus Ryazan Neft Emalı Zavodu və “Wildberries”in iri logistika mərkəzi zərər görüb.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov hücum zamanı sənaye obyektlərində yanğınların baş verdiyini, elektrik xətlərinin zədələndiyini və şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yarandığını təsdiqləyib.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Qubernator hücuma məruz qalan obyektlərin adlarını açıqlamayıb. Bununla belə, açıq mənbələrdə yayılan görüntülər və monitorinq kanallarının məlumatları Ryazan Neft Emalı Zavodunda yanğın baş verdiyini göstərir. “Wildberries”in logistika mərkəzinin vurulması barədə məlumat isə hələ müstəqil şəkildə təsdiqlənməyib.
15:21 05.11.2026
Oxunuş sayı: 61