İran istiqamətindən açılan atəş nəticəsində Türkiyə hərbçisi həlak olub
Türkiyə-İran sərhədində qanunsuz keçid cəhdinə müdaxilə zamanı İran tərəfdən gəldiyi ehtimal edilən atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi Yusuf Sait Ünlü həlak olub.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 31-də Hakkari vilayətinin Yüksəkova rayonunda, Engin Mayın sərhəd zastavasının məsuliyyət ərazisində baş verib.
Qanunsuz sərhəd keçidinə müdaxilə zamanı açılan atəş nəticəsində yaralanan hərbçi helikopterlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Nazirliyin açıqlamasına əsasən, hadisədən dərhal sonra cinayət və inzibati araşdırmalara başlanılıb. Noyabrın 3-də Türkiyə və İran rəsmiləri hadisə yerində görüş keçiriblər.
İranın aidiyyəti qurumları da insidentlə bağlı araşdırmaya başlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün İran tərəfi ilə koordinasiyalı şəkildə iş aparıldığını bildirib.
16:14 05.11.2026
Oxunuş sayı: 60