Bu gün Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq Konfrans keçirilib
Bu gün Qərbi Kaspi Universitetində
“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq
Konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki,
Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə və dağlıq ərazilərin ekoloji,
sosial-iqtisadi və mədəni aspektlərinin multidissiplinar araşdırılmasına həsr
olunan konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib.
Konfransın əsas məqsədi dağlıq ərazilərin
qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial-iqtisadi, mədəni və landşaft
sistemləri kimi kompleks şəkildə öyrənilməsini təşviq etmək, elmi bilik və tədqiqat
nəticələrinin mübadiləsini genişləndirmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirmək
oldu. Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin dağ
ekosistemlərinə təsiri, ətraf mühitin dayanıqlılığı, təbii və mədəni irsin
mühafizəsi, dağ icmalarının davamlı inkişafı və dayanıqlı turizm kimi aktual məsələlər
müzakirə olunub.
Konfrans beynəlxalq elmi
ictimaiyyətin marağına səbəb olub. İştirak üçün ümumilikdə 300-dən çox yerli və
xarici alim və tədqiqatçı qeydiyyatdan keçib. Onların 100-dən çoxu xarici ölkələri
təmsil edir. İştirakçıların geniş coğrafiyası və elmi təmsilçiliyi konfransın
dağlıq ərazilərin öyrənilməsi sahəsində beynəlxalq elmi dialoqun inkişafı, tədqiqat
təcrübəsinin paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətini
göstərir.
Konfransda müxtəlif universitetlərin
nümayəndələri öz salydlarını təqdim edib məruzələrlə çıxış ediblər.
Məruzəçilər Crossmedia.az-a açıqlamalarında konfransla bağlı fikirlərini bölüşüblər:

Türkiyəli professor Muhammaet
Deveci konfransın təşkilində əməyi olan hər kəsə təşəkkür edib: “Çünki bu
konfrans məhz vaxtında və lazımi məkanda keçirilir. İqlim dəyişikliyi, biomüxtəliflik
və dağlarla bağlı müxtəlif sahələrdə dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət
göstərən mütəxəssisləri bir araya gətirən, elmi araşdırmaların təqdim olunduğu
belə bir konfransın keçirilməsi çox vacibdir. Düşünürük ki, burada iştirak edən
insanlar əldə etdikləri bilik və təcrübə əsasında bu istiqamətdə müxtəlif
mövzularda yeni tədqiqatlar aparacaqlar. Buna görə də konfransın bütün
iştirakçılar üçün faydalı olacağına inanırıq. Bu işdə əməyi olan hər kəsə bir
daha təşəkkürümüzü bildiririk”.

Malayziyanın Kuala-Lumpur şəhərində
yerləşən Asiya-Sakit Okean Texnologiya Universitetinin dosenti, doktor Tara Əhməd
bu gün konfransda olmaqdan çox məmnun olduğunu bildirib: “Bu gün burada
olmaqdan çox məmnunam. Çünki 15-dən çox ölkənin nümayəndəsi ilə bir araya gələrək
dağlar və biomüxtəliflik haqqında müzakirələr aparmaq imkanı əldə etdik. Bir
çox turist dağlara, gözəl məkanlara, təbiət qoynuna üz tutur. Biz bu yerləri
istirahət, sağlamlığın bərpası və özümüzü daha yaxşı hiss etmək üçün məkanlar
kimi təqdim edirik. Lakin bunun müqabilində Yer kürəmizə, dağlara, həmin ərazilərə
və orada yaşayan heyvanlara ciddi ziyan vururuq. Buna görə də sağlam və
dayanıqlı turizmin necə həyata keçirilə biləcəyini müzakirə etmək üçün belə bir
konfransın keçirilməsi vacibdir. Məqsədimiz Birləşmiş Millətlər Təşkilatının
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, quruda və su altında həyatı qorumaq,
eyni zamanda bütün insanların təbiətdən ona zərər vermədən bərabər şəkildə
faydalanmasına şərait yaratmaqdır. Qərbi Kaspi Universitetində keçirilən bu
konfrans, həqiqətən də, çox mühüm tədbirdir. Bizə bu imkanı yaratdığına, belə səxavətli
və əhəmiyyətli dəvətə görə Qərbi Kaspi Universitetinə təşəkkür edirəm. Mən Azərbaycanı
çox sevirəm. Ölkənizə ilk dəfədir gəlirəm və inşallah, bu, sonuncu səfərim
olmayacaq. Çünki Bakıya vurulmuşam. Azərbaycan xalqına daim xoşbəxtlik və əmin-amanlıq
arzulayıram”.

Özbəkistan İqtisadiyyat
Universitetinin təmsilçisi Gülnarə Muradova isə qeyd edib ki, bu gün Qərbi
Kaspi Universitetində biomüxtəliflik, landşaft və mədəniyyət mövzusuna həsr
olunmuş III Beynəlxalq Konfrans keçirilib: “Bu istiqamət və mövzu yalnız müəyyən
bir xalq üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə
tədqiqatların və texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda biomüxtəlifliyin,
landşaftın və mədəni irsin qorunması məsələləri xüsusi aktuallıq daşıyır. Dövlət
inkişaf etdikcə yalnız texnologiyalar deyil, təbiətə və ətraf mühitə münasibət
də inkişaf etməlidir. Çünki insanlığa və ümumilikdə dünyaya inkişaf imkanları
yaradan əsas amillərdən biri də təbiətin və ətraf mühitin qorunmasıdır”.
16:30 05.11.2026
Oxunuş sayı: 72