Ərzaq qiymətləri yenidən arta bilər - XƏBƏRDARLIQ
Ərzaq məhsullarının qiyməti dünya iqtisadiyyatında baş verən dəyişikliklərə
ən həssas sahələrdən biridir. İqlim dəyişiklikləri, quraqlıq, su ehtiyatlarının
azalması, enerji və daşınma xərcləri, geosiyasi gərginliklər, eləcə də
istehsalçı ölkələrdə yaranan problemlər ərzaq təklifinə və qiymətlərə birbaşa
təsir göstərir. Son illərdə bir çox ölkədə müşahidə olunan bahalaşma fonunda
istehlakçılar üçün əsas narahatlıq ərzaq məhsullarının nə qədər əlçatan
olacağıdır. Beynəlxalq təşkilatların proqnozları isə bu narahatlığın 2027-ci
ildə də aktuallığını qoruyacağını göstərir.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı gələn il dünya bazarında ərzaq
qiymətləri indekslərinin yüksələcəyini proqnozlaşdırır. Təşkilatların
hesablamaları arasında artımın miqyası baxımından fərq olsa da, hər iki proqnoz
ərzaq bazarında bahalaşma ehtimalının davam etdiyinə işarə edir. Bu artımın
hansı məhsullara daha çox təsir göstərəcəyi, əsas ərzaq məhsullarının istehsal
və tədarük zəncirində hansı dəyişikliklərin baş verəcəyi isə ayrıca diqqət
tələb edir.
Qlobal bazardakı qiymət dəyişiklikləri Azərbaycan üçün də əhəmiyyətlidir.
Çünki daxili ərzaq bazarına yalnız yerli istehsal deyil, idxal məhsullarının
qiyməti, xarici bazarlardakı təklif, logistika xərcləri və valyuta məzənnələri
də təsir göstərir. Dünya bazarında bahalaşma baş verərsə, bunun ölkəyə idxal
olunan məhsulların qiymətində nə dərəcədə əks olunacağı mühüm sualdır. Eyni
zamanda, yerli istehsalın artırılması, fermerlərin xərclərinin azaldılması və
ərzaq təhlükəsizliyinin gücləndirilməsi qiymət risklərinin yumşaldılması
baxımından ön plana çıxır.
Digər tərəfdən, dünya bazarında ərzaq qiymətlərinin artması daxili bazarda bütün məhsulların eyni səviyyədə bahalaşacağı anlamına gəlmir. İdxaldan asılılıq, yerli istehsalın həcmi, rəqabət mühiti və bazara nəzarət mexanizmləri son qiymətə təsir edən əsas amillərdəndir. Bu baxımdan, beynəlxalq proqnozların Azərbaycan bazarına mümkün təsirlərini və hökumətin hansı qabaqlayıcı addımları ata biləcəyini qiymətləndirmək vacibdir.

Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, dünya
bazarında ərzaq qiymətlərinin artması Azərbaycan üçün ciddi inflyasiya riski
yarada bilər:
“Çünki ölkəmiz bir sıra ərzaq məhsulları, xüsusilə taxıl, bitki yağları,
şəkər və bəzi digər məhsullar üzrə idxaldan asılıdır. Beynəlxalq bazarlarda
qiymətlər yüksəldikdə bu, gec-tez idxal xərclərinə, daşınma və logistika
məsrəflərinə, nəticədə isə daxili bazardakı satış qiymətlərinə təsir göstərir.
Xüsusilə idxal etdiyimiz məhsulların istehsal olunduğu ölkələrdə məhsuldarlığın
azalması, iqlim dəyişiklikləri, enerji və gübrə qiymətlərinin yüksəlməsi
bahalaşmanı daha da sürətləndirə bilər.
Bununla belə, dünya bazarındakı qiymət artımının Azərbaycanda eyni həcmdə
təkrarlanması mütləq deyil. Burada məzənnə sabitliyi, idxal mənbələrinin müxtəlifliyi,
ehtiyatların həcmi, gömrük siyasəti və daxili bazarda rəqabətin səviyyəsi mühüm
rol oynayır. Əgər idxalçılar bazardakı qiymət dəyişikliklərindən istifadə
edərək süni bahalaşmaya yol verirlərsə, bu zaman beynəlxalq qiymət artımının
daxili bazara təsiri daha da güclənə bilər. Ona görə də qiymətlərin
monitorinqi, inhisarçılığın qarşısının alınması və alternativ idxal
bazarlarının genişləndirilməsi vacibdir.
Yerli istehsalın artırılması isə bu risklərə qarşı ən düzgün uzunmüddətli
çıxış yollarından biridir. Lakin bunu qısa müddətdə qiymətləri sabitləşdirəcək
vasitə kimi qiymətləndirmək doğru olmaz. Çünki kənd təsərrüfatında istehsalın
genişləndirilməsi torpaq, su, texnika, toxum, gübrə, maliyyə və infrastruktur
təminatından asılıdır. Məsələn, ölkədə taxıl, yağlı bitkilər, şəkər çuğunduru,
kartof və digər strateji ərzaq məhsullarının istehsalını artırmaqla idxaldan
asılılığı müəyyən qədər azaltmaq mümkündür. Dünya Bankının proqnozuna görə,
ərzaq əmtəələrinin qiymətləri 2027-ci ildə daha 7 faiz arta bilər. Bu da yerli
istehsalın gücləndirilməsinin əhəmiyyətini artırır.
Ancaq burada əsas məsələ sadəcə istehsal həcmini artırmaq deyil, məhsulun
maya dəyərini aşağı salmaqdır. Fermerlərə verilən subsidiyalar daha səmərəli və
nəticəyönümlü olmalı, gübrə, toxum, yanacaq və suvarma xərclərinin azaldılması
istiqamətində konkret mexanizmlər tətbiq edilməlidir. Xüsusilə suvarma
sistemlərinin yenilənməsi, müasir aqrotexnologiyaların tətbiqi, məhsuldar toxum
sortlarından istifadə və fermerlərin güzəştli maliyyə resurslarına çıxışının
genişləndirilməsi vacibdir. Eyni zamanda, məhsulun saxlanılması üçün soyuducu
anbarların və emal müəssisələrinin yaradılması da diqqətdə saxlanılmalıdır.
Çünki fermer məhsulunu yığım dövründə ucuz qiymətə satmağa məcbur olursa,
sonrakı aylarda bazarda qiymət artımının qarşısını almaq çətinləşir”.
İqtisadçı qeyd edib ki, digər mühüm məsələ kənd təsərrüfatında rəqabət
mühitinin yaxşılaşdırılmasıdır:
“Bəzi hallarda məhsulun istehsalçıdan istehlakçıya çatdırılması prosesində
çoxsaylı vasitəçilərin iştirakı qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsinə
səbəb olur. İstehsalçı ilə satış şəbəkələri arasında birbaşa əlaqələrin
qurulması, fermer kooperativlərinin inkişafı və topdansatış bazarlarının
genişləndirilməsi bu problemin həllinə kömək edə bilər. Eyni zamanda, idxal bazarlarının
şaxələndirilməsi də vacibdir ki, Azərbaycan ərzaq təminatında bir və ya iki
ölkədən asılı vəziyyətə düşməsin.
Mən hesab edirəm ki, qiymət artımının qarşısını almaq üçün inzibati qaydada
qiymətləri dondurmaqdan daha çox bazarda sağlam rəqabət yaratmaq, təklif
həcmini artırmaq və istehsal xərclərini azaltmaq lazımdır. Aztəminatlı
ailələrin müdafiəsi üçün isə ümumi bazar qiymətlərinə müdaxilə etmək əvəzinə,
ünvanlı sosial dəstək mexanizmlərindən istifadə olunması daha məqsədəuyğundur.
Nəticə etibarilə, ərzaq təhlükəsizliyi yalnız daxili istehsal məsələsi deyil,
həm də iqtisadi təhlükəsizlik məsələsidir. Azərbaycan bu sahədə idxaldan
asılılığı nə qədər azaldarsa, beynəlxalq bazarlardakı qiymət dalğalanmalarına
qarşı bir o qədər dayanıqlı ola bilər”.
Məhəbbət Tərlanoğlu
17:00 05.11.2026
Oxunuş sayı: 59