Avropa İttifaqı Ukraynaya 4,36 milyard avro ayırıb
Avropa İttifaqı Ukraynaya dövlət büdcəsinin dəstəklənməsi və müdafiə ehtiyaclarının qarşılanması məqsədilə 4,36 milyard avro maliyyə vəsaiti ayırıb.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Bildirilib ki, ayrılan vəsaitin 3,7 milyard avrosu Ukraynanın büdcə xərclərinin maliyyələşdirilməsinə, 658 milyon avrosu isə müdafiə ehtiyaclarına yönəldiləcək.
Müdafiə üçün nəzərdə tutulan vəsait hesabına pilotsuz uçuş aparatları, raketlər, radarlar, radioelektron mübarizə sistemləri və hava hücumundan müdafiə üçün sursatlar alınacaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, bu maliyyə dəstəyi Ukraynada əsas dövlət xidmətlərinin davam etdirilməsinə və ölkənin təxirəsalınmaz müdafiə ehtiyaclarının qarşılanmasına kömək edəcək.
Qeyd edək ki, vəsait Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramı çərçivəsində ayrılıb.
17:06 05.11.2026
Oxunuş sayı: 70