Xəzər körpüsü: Orta dəhlizin yeni inkişaf mərhələsi
Müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadi münasibətlərin yenidən formalaşması, beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlığının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Geosiyasi proseslər, ənənəvi nəqliyyat marşrutlarında yaranan məhdudiyyətlər və beynəlxalq yükdaşıma istiqamət-lərində baş verən dəyişikliklər Avrasiya məkanında alternativ nəqliyyat-logistika sistemlərinin inkişafını sürətləndirir. Belə bir şəraitdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Şərqlə Qərb arasında iqtisadi əlaqələrin genişləndirilməsində mühüm alternativ kimi çıxış edir.
Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi vasitəsilə Azərbaycanla, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən bu marşrutun əhəmiyyəti getdikcə artır. Orta Dəhlizin inkişafında Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, dəniz limanları və dəmir yolu şəbəkəsi mühüm üstünlüklər yaradır. Bununla yanaşı, dəhlizin səmərəliliyi, yalnız ayrı-ayrı ölkələrin infrastruktur imkanlarından deyil, həm də marşrut boyunca fəaliyyət göstərən nəqliyyat sistemlərinin inteqrasiyasından, logistika əməliyyatlarının əlaqələndirilməsindən və tranzit proseslərinin vahid prinsiplər əsasında təşkilindən asılıdır.
Azərbaycan və Qazaxıstan arasında son dövrdə genişlənən nəqliyyat-logistika əməkdaşlığı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında “Xəzər körpüsü” (“Super Ferry”) adlı yeni nəsil bərə sisteminin yaradılması və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında birgə intermodal yük terminalının təşkili ilə bağlı imzalanmış sənədlər Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Belə ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində iki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb. İlk sənəd “Xəzər körpüsü” layihəsi üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması olan “Xəzər körpüsü” Azərbaycanın Ələt və Qazaxıstanın Kurık limanları arasında müasir, yüksəktutumlu bərələrlə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. İkinci sənəd isə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstanın “Kazakhstan Temir Zholy” şirkəti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında birgə intermodal yük terminalının yaradılmasına dair əsas şərtləri müəyyən edir. Bu razılaşma da, konteyner və digər yüklərin daşınması zamanı liman və dəmir yolu əməliyyatlarının əlaqələndirilməsini nəzərdə tutur ki, bu da multimodal daşımalara dair çağırışlardan irəli gələn zərurətdir.
Orta dəhliz üzrə daşımaların dinamikası, eləcə də Azərbaycan-Qazaxıstan ticarət əlaqələri də iki ölkə arasında nəqliyyat əlaqələrinin daha da genişləndirilməsini zəruri edir. Belə ki, Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatlarına əsasən, Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan yüklərin həcmi 2023-cü ildə 2,76 milyon ton, 2024-cü ildə 4,48 milyon ton, 2025-ci ildə isə 4,12 milyon ton təşkil edib. 2025-ci ildə ümumi yük həcmi əvvəlki illə müqayisədə azalsa da, 2021-ci illə müqayisədə marşrut üzrə daşımalar dəfələrlə artıb. Konteyner daşımalarında da müsbət dinamika müşahidə olunub. 2025-ci ildə Orta Dəhliz üzrə, təxminən 77 min TEU konteyner daşınıb. Bu göstərici marşrutun konteyner logistikasında mövqeyinin möhkəmləndiyini göstərir. Qazaxıstanın qarşıya qoyduğu əsas hədəflərdən biri 2029-cu ilədək konteyner daşımalarının həcmini 300 min TEU-ya çatdırmaqdır. 2026-cı ilin göstəriciləri də marşruta tələbatın artdığını nümayiş etdirir. Qazaxıstan tərəfinin 25 sentyabr 2026-cı il tarixli açıqlamasına görə, ilin ilk səkkiz ayında Orta Dəhliz üzrə 3 milyon tondan artıq yük daşınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.
Azərbaycanın tranzit potensialının inkişafı baxımından da 2026-cı il xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında, ölkə ərazisindən keçən bütün beynəlxalq nəqliyyat dəhlizləri üzrə, tranzit daşımalarının ümumi həcmi 12 milyon tonu ötüb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5% artım deməkdir. Şərq–Qərb istiqamətində tranzit daşımaları 20,2%, Şimal–Cənub istiqamətində isə 19% yüksəlib.
Qeyd etdiyimiz kimi, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlı-ğının inkişafı, həm də iki ölkənin ticarət-iqtisadi münasibətlərinin genişlənməsi ilə bilavasitə əlaqəlidir. Qazaxıstanın rəsmi məlumatlarına əsasən, 2025-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 470,7 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə bu göstərici təxminən 534 milyon dollar olmuşdu. 2025-ci ildə ticarət dövriyyəsinin azalmasına baxmayaraq, Azərbaycanın Qazaxıstana ixracında 40,2%-lik artım qeydə alınıb. 2026-cı ilin ilk yeddi ayında isə qarşılıqlı ticarət dövriyyəsi 251,5 milyon dolları ötüb. Bu müddətdə Qazaxıstandan Azərbaycana ixrac 218,9 milyon dollar, Azərbaycandan Qazaxıstana ixrac isə 32,5 milyon dollar təşkil edib. Bu göstəricilər iki ölkə arasında ticarət əlaqələrinin davam etdiyini, eyni zamanda ixrac strukturunun daha da şaxələndirilməsinə ehtiyac olduğunu göstərir. Eyni zamanda, iki ölkə rəhbərliyinin qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq hədəfi də nəqliyyat infrastrukturuna yatırılan investisiyaların iqtisadi əsasını gücləndirir. Bu baxımdan “Xəzər körpüsü” layihəsi, yalnız tranzit yüklərin daşınmasına deyil, həm də Azərbaycan və Qazaxıstan arasında birbaşa ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edə bilər.
Digər tərəfdən, nəqliyyat-logistika infrastrukturunun inkişafı iki ölkənin ticarətində yeni məhsul qruplarının və əlavə ixrac imkanlarının formalaşmasına şərait yarada bilər. Xüsusilə, kənd təsərrüfatı məhsulları, sənaye malları, metal məmulatları, kimya məhsulları və konteynerlə daşınan yüklər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri mövcuddur. Ümumilikdə isə, Orta Dəhlizin növbəti inkişaf mərhələsi infrastrukturun sadəcə genişləndirilməsi deyil, onun iqtisadi inteqrasiyası və vahid logistika sisteminə çevrilməsi ilə xarakterizə olunmalıdır. Bu baxımdan “Xəzər körpüsü” layihəsi yeni inkişaf modelinin mühüm elementi olmaqla, Azərbaycan və Qazaxıstan arasında bərə daşımalarının, liman əməliyyatlarının, dəmir yolu infrastrukturunun və logistika sistemlərinin əlaqələndirilməsi ilə Xəzər dənizini Avrasiya nəqliyyat sistemində strateji birləşdirici məkana çevirə bilər. Başqa sözlə desək,”Xəzər körpüsü” Xəzər dənizində yeni nəqliyyat imkanlar yaradacaqdır.
“Xəzər körpüsü” – Xəzər dənizində yeni nəqliyyat imkanları
Azərbaycan və Qazaxıstan arasında “Xəzər körpüsü” layihəsi üzrə strateji əməkdaşlıq sənədinin imzalanması Orta Dəhlizin dəniz komponentinin gücləndirilməsi baxımından mühüm addımdır. Layihə Azərbaycanın Ələt və Qazaxıstanın Kurık limanları arasında müasir, yüksəktutumlu bərələrlə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminal infrastrukturunun inkişafını və vahid logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. Bu təşəbbüsün əsas iqtisadi mahiyyəti Xəzər dənizi üzərindən yükdaşımaların daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsindən ibarətdir. Hazırda Orta Dəhlizin rəqabət qabiliyyətinə təsir edən əsas amillərdən biri Xəzər dənizində yükdaşıma proseslərinin təşkili, gəmilərin hərəkət qrafikləri, limanlarda gözləmə müddəti və yüklərin bir nəqliyyat növündən digərinə ötürülməsi ilə bağlı əməliyyatlardır. Bu mərhələdə yaranan gecikmələr bütün marşrut üzrə çatdırılma müddətinə və nəqliyyat xərclərinə təsir göstərir. “Super Ferry” layihəsinin reallaşdırıl-ması qeyd olunan problemlərin azaldılması üçün yeni imkanlar yarada bilər. Yüksəktutumlu və müasir bərələrin istismara verilməsi yükdaşıma potensialının genişləndirilməsinə, daşımaların daha müntəzəm qrafik əsasında təşkilinə və limanların buraxılış imkanlarından daha səmərəli istifadəyə şərait yaradacaq. Xüsusilə, dəmir yolu vaqonlarının, konteynerlərin və digər iri həcmli yüklərin daşınmasında bərə sisteminin imkanlarının genişləndirilməsi Orta Dəhlizin multimodal xarakterini daha da gücləndirəcək.

Layihənin digər mühüm istiqaməti Ələt və Kurık limanları arasında logistika əməliy-yatlarının qarşılıqlı əlaqələndirilməsidir. Bunun üçün limanların texniki imkanlarının uyğunlaş-dırılması, yük emalı proseslərinin optimallaşdırılması, vahid informasiya mübadiləsi sisteminin yaradılması və daşımaların əvvəlcədən planlaşdırılması vacibdir. Belə bir sistemin formalaş-dırılması Xəzər dənizinin iki sahilində yerləşən limanları ayrı-ayrı nəqliyyat obyektlərindən daha çox vahid logistika zəncirinin əlaqələndirilmiş elementlərinə çevirə bilər ki, bu da daşıma sifarişlərinin daha çevik və sistemli icrasına imkan yaradacaqdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında intermodal terminalın yaradılmasının əhəmiyyəti
“Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstanın “Kazakhstan Temir Zholy” şirkəti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında birgə intermodal yük terminalının yaradılması ilə bağlı əsas şərtlər sənədinin imzalanması da, iki ölkə arasında münasibətlərin inkişafına təkan verməklə, Orta dəhlizin cəlbediciliyinə də müsbət təsir edəcəkdir. Layihə çərçivəsində konteyner və digər yüklərin daşınması imkanlarının genişləndirilməsi, liman və dəmir yolu əməliyyatlarının əlaqələndirilməsi, eləcə də terminalın idarə olunması üçün birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, Orta Dəhlizin səmərəliliyi, yalnız dəniz nəqliyyatının inkişafı ilə deyil, həm də liman–dəmir yolu inteqrasiyasının ilə müəyyən olunur. İntermodal terminalın yaradılması yüklərin dəniz nəqliyyatından dəmir yoluna və əks istiqamətdə ötürülməsi prosesini sürətləndirə, əlavə yükləmə-boşaltma əməliyyatlarının optimallaşdırılmasına və logistika xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, terminalın birgə idarə olunması Azərbaycan və Qazaxıstanın nəqliyyat şirkətləri arasında institusional əməkdaşlığın genişlənməsinə, əməliyyat standartlarının uyğunlaşdırılmasına, kommersiya maraqlarının uzlaşdırılmasına şərait yaradacaq.
Bu layihə, həm də Orta Dəhlizdə yük axınlarının idarə olunmasına yeni yanaşmanın tətbiqi baxımından əhəmiyyətlidir. Əgər əvvəllər əsas diqqət ayrı-ayrı limanların və nəqliyyat infrastrukturunun fiziki imkanlarının artırılmasına yönəlirdisə, indi prioritetlərdən biri həmin infrastrukturların vahid idarəetmə mexanizmi çərçivəsində fəaliyyət göstərməsidir. Bu isə tranzit daşımalarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq yük sahibləri üçün daha cəlbedici xidmətlərin təqdim edilməsi baxımından vacibdir.
Ümumilikdə isə Çin–Avropa ticarət əlaqələrinin genişlənməsi, Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının artırılması və Avropanın alternativ təchizat marşrutlarına marağının yüksəlməsi Orta Dəhlizin əhəmiyyətini artıran əsas amillərdəndir. Bu baxımdan Azərbaycan və Qazaxıstanın nəqliyyat-logistika sahəsində birgə layihələri təkcə ikitərəfli iqtisadi əməkdaşlıq deyil, daha geniş Avrasiya nəqliyyat arxitekturasının inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan Orta Dəhlizin əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, inkişaf etmiş avtomobil yolları və ölkənin digər nəqliyyat infrastrukturu Şərq–Qərb istiqamətində yükdaşımaların təşkilində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində iştirakı ölkənin tranzit imkanlarını daha da genişləndirir və onun regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir.
Qazaxıstan isə Mərkəzi Asiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri olaraq Çin istiqamətindən gələn yük axınlarının Xəzər dənizinə çıxışını təmin edir. Aktau və Kurık limanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstanın nəqliyyat sistemlərinin daha sıx inteqrasiyası Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsinə əlavə stimul verə bilər. Bu mənada, “Xəzər körpüsü” layihəsi və birgə intermodal terminalın yaradılması Orta Dəhlizin iki mühüm komponentini – dəniz və dəmir yolu nəqliyyatını əlaqələndirən sistemli təşəbbüslərdir. Bu layihələrin uğurlu reallaşdırılması Xəzər dənizinin Avrasiya iqtisadi məkanını birləşdirən mühüm logistika körpüsü kimi rolunu gücləndirə bilər. Bunun üçün, ilk növbədə, Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi və müntəzəm daşımaların təmin edilməsi vacibdir. Bərə donanmasının yenilənməsi, yeni gəmilərin istismara verilməsi, liman infrastrukturunun modernləşdirilməsi və yükdaşıma qrafiklərinin əlaqələndirilməsi bu istiqamətdə əsas prioritetlər olmalıdır.

Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, Azərbaycan və Qazaxıstan arasında “Xəzər körpüsü” (“Super Ferry”) layihəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında birgə intermodal yük terminalının yaradılması ilə bağlı əldə olunmuş razılaşmalar Orta Dəhlizin inkişafında mühüm strateji əhəmiyyətə malikdir. Bu təşəbbüslər Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi, liman və dəmir yolu əməliyyatlarının inteqrasiyası, logistika xərclərinin azaldılması və beynəlxalq tranzit daşımalarının səmərəliliyinin yüksəldilməsi baxımından yeni perspektivlər açır. Əslində, bu layihələrin əhəmiyyəti, yalnız yeni bərələrin və terminal infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Onlar Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika münasibətlərinin daha yüksək institusional və texnoloji səviyyəyə keçməsinə, Xəzər dənizinin vahid Avrasiya nəqliyyat sistemində birləşdirici funksiyasının güclənməsinə xidmət edir. Perspektivdə Azərbaycan, yalnız ərazisindən tranzit yüklərin keçdiyi ölkə deyil, həm də onların emalı, çeşidlənməsi, saxlanılması, yenidən bölüşdürülməsi və əlavə dəyər yaradılması proseslərinin həyata keçirildiyi regional logistika mərkəzinə çevrilmək imkanına malikdir. Ələt limanının, dəmir yolu infrastrukturunun, yeni bərə sistemlərinin və rəqəmsal logistika platformalarının qarşılıqlı əlaqələndirilməsi bu məqsədə çatmaq üçün mühüm zəmin yaradır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, “Xəzər körpüsü” layihəsi Orta Dəhlizin gələcək inkişafında sadəcə yeni nəqliyyat marşrutunun deyil, Şərqlə Qərbi birləşdirən daha inteqrasiya olunmuş, çevik və dayanıqlı logistika sisteminin formalaşmasının başlanğıcı kimi qiymətləndirilə bilər. Bu əməkdaşlığın uğurlu nəticələri Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində strateji mövqeyini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə də mühüm töhfə verə bilər.
14:12 05.11.2026
Oxunuş sayı: 67