Yaxınını itirən ailələrə dəfn pulu veriləcək
Azərbaycanda dəfn müavinəti dünyasını dəyişən bütün vətəndaşların ailələrinə verilməlidir.
Crossmedia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə toplantısında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat təklif edib ki, dəfn müavinəti əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil olunsun: "Çünki hazırda qüvvədə olan qaydalara görə, dövlət qulluqçularına, ömürlük pensiya alan şəxslərə, yaşa və ailə başçısını itirməyə görə pensiya təyin edilmiş vətəndaşlara, həmçinin işsizlikdən sığorta haqqında qanunvericiliyə uyğun olaraq işsizlik sığorta ödənişi alan şəxslərə və pensiya alan digər vətəndaşlarımıza vəfat etdikləri halda ailələrinə dəfn pulu ödənilir.
Lakin bu o deməkdir ki, əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaşlarımız həyatını itirdikdə onların ailələrinə dəfn müavinəti verilmir".
V.Bayramovun sözlərinə görə, 2025-ci il ərzində Azərbaycanda vəfat edən vətəndaşların ümumi sayı 53 806 nəfər təşkil edib: "Onların 62,6 %-i 65 yaş və ondan yuxarı yaş qrupuna aid olan şəxslərdir. Həmin vətəndaşların əksəriyyəti pensiya alan şəxslərdir. Belə ki, statistik göstəricilərə nəzər yetirdikdə, işləməyən vətəndaşlarımızın vəfatı zamanı ailələrinə dəfn müavinətinin ödənilməsi nə dövlət büdcəsi, nə də Dövlət Sosial Müdafiə Fondu üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmır. Bu səbəbdən təklif edirəm ki, dəfn pulu universal formada həyatını itirən bütün şəxslərin ailələrinə ödənilsin. Xüsusilə əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaşların ailələri bu cür sosial dəstəyə daha böyük ehtiyac duyur".
13:37 05.11.2026
Oxunuş sayı: 147