Tramp üçün həlledici sınaq: ABŞ-də aralıq seçkilər nələri dəyişəcək?
ABŞ-də keçirilən aralıq seçkilər Donald Tramp administrasiyasının hakimiyyətdəki ilk iki ilinə veriləcək mühüm siyasi qiymət olmaqla yanaşı, ölkənin gələcək siyasi kursu baxımından da həlledici əhəmiyyət daşıyır. Sorğular Demokratların Respublikaçılar üzərində üstünlük əldə etdiyini göstərir. Trampın reytinqinin aşağı düşməsi, inflyasiya, yaşayış xərclərinin artması və İranla müharibənin yaratdığı iqtisadi-siyasi təzyiqlər Respublikaçıların seçki perspektivlərini çətinləşdirən əsas amillər sırasındadır. Seçkilərin nəticələri təkcə Konqresdə qüvvələr nisbətini dəyişməklə kifayətlənməyəcək, həm də Trampın prezidentliyinin qalan iki ilində qanunvericilik təşəbbüslərinə, ABŞ-nin xarici siyasətinə, Ukrayna və Yaxın Şərqdəki proseslərə təsir göstərə bilər. Eyni zamanda, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin və Azərbaycan-ABŞ münasibətlərinin gələcək istiqaməti də diqqət mərkəzində olacaq. Bəs Respublikaçılar seçicilərin etimadını bərpa edə biləcəklərmi? Demokratların mümkün qələbəsi Trampın siyasi manevr imkanlarını nə dərəcədə məhdudlaşdıracaq? Aralıq seçkilərdən sonra İranla müharibənin taleyi necə olacaq və bu proseslər 2028-ci il prezident seçkilərinə hansı mesajları verəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov Crossmedia.az-a müsahibə verib:

- Respublikaçılar seçiciləri öz tərəflərinə çəkmək üçün hansı arqumentlərdən istifadə edə bilərlər?
- 2026-cı il aralıq seçkiləri Donald Trampın ikinci prezidentlik müddətinin ilk iki ilinə verilən siyasi qiymət kimi xüsusi əhəmiyyət daşıyır. Noyabrın 2-də açıqlanan sorğu nəticələrinə əsasən, Trampın fəaliyyətini dəstəkləyənlərin göstəricisi 32 faiz təşkil edib. Konqresə seçkilərlə bağlı ümumi sorğuda isə Demokratlar 46, Respublikaçılar 38 faiz dəstək əldə ediblər. Bu rəqəmlər Respublikaçılar üçün əslində olduqca ciddi xəbərdarlıqdır.
Bununla belə, Respublikaçıların seçicilərə təqdim etdiyi müəyyən arqumentlər var. Onların ilk növbədə, sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, vergi yükünün azaldılması və enerji müstəqilliyi məsələlərini ön plana çıxardığını müşahidə edirik. Digər tərəfdən, Demokratların mümkün qələbəsinin iqtisadi və siyasi qeyri-müəyyənlik yaradacağı barədə xəbərdarlıqlar da Respublikaçıların seçki ritorikasının tərkib hissəsinə çevrilib.
Lakin əsas problem ondadır ki, seçicilər artıq vədlərdən daha çox onların gündəlik həyatlarına təsir edən nəticələrə diqqət yetirirlər. İranla müharibənin yaratdığı təhlükəsizlik riskləri, yanacağın bahalaşması və inflyasiya administrasiyanın iqtisadi siyasətinə münasibəti mürəkkəbləşdirib. Respublikaçılar seçicilərin etimadını qorumaq istəyirlərsə, təhlükəsizlik arqumentləri ilə yanaşı, konkret iqtisadi nəticələr də təqdim etməlidirlər.
- Konqresdə çoxluğun dəyişməsi Tramp administrasiyasının qanunvericilik fəaliyyətinə və xarici siyasət kursuna, xüsusilə Ukrayna və Yaxın Şərq siyasətinə necə təsir göstərə bilər?
- Nümayəndələr Palatasında və ya Senatda çoxluğun Demokratlara keçməsi Trampın siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Xüsusilə büdcə, dövlət xərcləri, hərbi əməliyyatların maliyyələşdirilməsi və administrasiyanın fəaliyyətinə nəzarət məsələlərində Konqresin rolu artacaq. Demokratlar araşdırmalar və dinləmələr vasitəsilə administrasiyaya siyasi təzyiq göstərə bilərlər.
Ukrayna məsələsində Konqresdə Demokratların mövqelərinin güclənməsi Kiyevə dəstəyin artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində təşəbbüslərə şərait yarada bilər. Bununla belə, ABŞ-nin Ukrayna siyasətində tam dönüş gözləmək düzgün olmazdı. Çünki onsuz da Respublikaçılar arasında da Ukraynanın müdafiəsini dəstəkləyən qüvvələr mövcuddur.
Yaxın Şərqdə isə İranla müharibənin davam etdirilməsi və hərbi əməliyyatların maliyyələşdirilməsi məsələləri daha ciddi müzakirə predmetinə çevrilə bilər. Demokratlar prezidentin hərbi səlahiyyətlərinə parlament nəzarətinin gücləndirilməsini tələb edə bilərlər. Lakin prezidentin xarici siyasət və hərbi komandanlıq sahəsində geniş səlahiyyətləri də nəzərə alınmalıdır. Başqa sözlə ABŞ-də aralıq seçkilərinin nəticələri prezidentin hərbi əməliyyat keçirmək səlahiyyətini avtomatik məhdudlaşdırmır. Prezident müəyyən hüquqi və konstitusion çərçivələr daxilində hərbi qərarlar qəbul edə bilər. Lakin Konqresdə qüvvələr nisbətinin dəyişməsi administrasiyanın belə qərarları həyata keçirməsini, maliyyələşdirməsini və siyasi baxımdan əsaslandırmasını çətinləşdirə bilər. Buna görə də seçkilərin nəticələri hücumun qarşısını birbaşa almasa da onun siyasi və institusional şərtlərinə təsir göstərəcək.
- Yaşayış xərclərinin artması və inflyasiya amerikalı seçicilərin əsas narahatlıqları sırasındadır. Bu amillər seçkilərin nəticələrində nə dərəcədə həlledici ola bilər?
- Hesab edirəm ki, iqtisadi vəziyyət bu seçkilərin əsas müəyyənedicilərindən biridir. Amerikalı seçici üçün xarici siyasətdə əldə olunan nəticələrdən daha çox gündəlik xərclərin, ərzaq və yanacağın qiymətinin, mənzil və səhiyyə xidmətlərinin əlçatanlığının əhəmiyyəti var. Bunu sorğuların nəticələri də təsdiq edir. Oktyabr ayında keçirilən sorğuların nəticəsinə baxsaq görərik ki, seçicilərin 84 faizi iqtisadiyyatı seçki qərarları üçün çox mühüm amil hesab edib. 47 faiz isə İran məsələsini də son dərəcə vacib sayır.
Bu mənada Tramp administrasiyası üçün əsas çətinlik iqtisadi vədlərlə real vəziyyət arasındakı fərqdir. Xüsusilə İran müharibəsinin enerji bazarlarına təsiri və yanacağın bahalaşması administrasiyanın daxili siyasətinə də birbaşa təsir göstərir. Seçicilər müharibənin ABŞ-yə hansı konkret fayda gətirdiyini və bunun iqtisadi xərclərinin nə qədər olacağını soruşurlar.
Respublikaçıların qiymət artımının qarşısının alınması və ailələrin maliyyə yükünü azaltmaq istiqamətində inandırıcı nəticələr göstərə bilməməsi isə təbii olaraq seçki qutularında öz əksini tapacaq.
- Bu seçkilər 2028-ci il prezident seçkiləri üçün hansı siyasi mesajları verə bilər?
- Aralıq seçkilər 2028-ci il prezident seçkiləri üçün mühüm siyasi indikator rolunu oynayacaq. İlk növbədə, Respublikaçıların seçici bazasının nə dərəcədə qorunduğu, Trampın siyasi təsir imkanlarının davam edib-etmədiyi və Demokratların hansı sosial qruplar arasında dəstəyini genişləndirdiyi aydınlaşacaq.
Əgər Demokratlar ciddi uğur əldə etsələr, bu, partiya daxilində 2028-ci il prezidentliyinə namizədlik uğrunda mübarizəni də fəallaşdıra bilər. Respublikaçılar üçün isə Trampın siyasi irsinin davam etdirilməsi ilə daha geniş seçici kütləsinə xitab edən yeni siyasi xətt arasında seçim məsələsi aktuallaşacaq.
Lakin aralıq seçkilərin nəticələrini 2028-ci ilin nəticəsi kimi qəbul etmək olmaz. Prezident seçkilərində namizədlərin şəxsi nüfuzu, iqtisadi vəziyyət, beynəlxalq hadisələr və kampaniyanın gedişi ayrıca rol oynayacaq.
- Konqresdə siyasi qüvvələr balansının dəyişməsi Azərbaycan-ABŞ münasibətlərinə və Vaşinqtonun Cənubi Qafqaz siyasətinə necə təsir edə bilər?
- Azərbaycan-ABŞ münasibətlərinin perspektivlərinə yalnız seçkilərin nəticələri prizmasından yanaşmaq düzgün olmazdı. Çünki ikitərəfli münasibətlərdə strateji maraqlar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri və regional sabitlik kimi uzunmüddətli amillər mövcuddur.
2026-cı il fevralın 10-da imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənəddə Orta Dəhliz, TRIPP layihəsi, enerji, təhlükəsizlik, müdafiə və texnoloji əməkdaşlıq prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Demokratların Konqresdə mövqelərinin güclənməsi Cənubi Qafqaz siyasətində insan hüquqları, demokratik institutlar və regional təhlükəsizlik məsələlərinin daha fəal müzakirəsinə səbəb ola bilər. Bununla yanaşı, ABŞ-nin regiondakı strateji maraqları administrasiyanın və Konqresin siyasi tərkibindən asılı olmayaraq aktuallığını saxlayacaq.
- Trampın ikinci prezidentlik dövründə verdiyi vədlərlə real siyasəti arasında seçicilərin gözləntiləri baxımından hansı fərqlər müşahidə olunur?
- Tramp hakimiyyətə qayıdarkən amerikalılara iqtisadi rifahın yüksəldilməsi, inflyasiyanın azaldılması, miqrasiyaya nəzarət və beynəlxalq münaqişələrin dayandırılması vədlərini vermişdi. Lakin reallıq daha mürəkkəb oldu. Xüsusilə İranla müharibə Trampın ABŞ-ni xarici münaqişələrdən uzaq tutmaq vədi ilə bağlı ciddi suallar yaradıb.
Digər tərəfdən, ticarət tarifləri və enerji bazarındakı qeyri-sabitlik də iqtisadi gözləntilərin tam reallaşmasına mane olan amillər sırasındadır. Burada əsas siyasi problem seçicilərin administrasiyadan sürətli nəticələr gözləməsi, lakin mürəkkəb iqtisadi və beynəlxalq proseslərin daha uzun zaman tələb etməsidir.
- Aralıq seçkilərin nəticələri Trampın prezidentliyinin qalan iki ilində siyasi manevr imkanlarını və Respublikaçılar Partiyasının gələcək strategiyasını necə müəyyənləşdirə bilər?
- Burada bir neçə ssenarini qeyd etməyə ehtiyac var. Əgər Respublikaçılar hər iki palatada çoxluğunu qoruya bilsələr bu halda Tramp administrasiyası qanunvericilik təşəbbüslərini həyata keçirmək üçün daha əlverişli şərait əldə edəcək və prezident öz siyasətini seçki uğuru kimi təqdim edə biləcək.
Demokratların Nümayəndələr Palatasında çoxluğu ələ keçirməsi, lakin Senatda Respublikaçıların üstünlüyünü saxlaması halında isə Tramp üçün daha mürəkkəb siyasi şərait meydana çıxacaq. Demokratlar araşdırmalar, büdcə müzakirələri və qanunvericilik təşəbbüsləri vasitəsilə administrasiyanın fəaliyyətinə nəzarəti gücləndirə biləcəklər.
Ən nəhayət hər iki palatada Demokratların çoxluq əldə etməsi halında isə Trampın qanunvericilik gündəliyini reallaşdırılması olduqca çətinləşəcək. Bununla belə, prezidentin veto hüququ və icra hakimiyyətinin səlahiyyətləri onun fəaliyyətini tamamilə iflic vəziyyətinə salmağa imkan verməyəcək.
Respublikaçılar üçün isə əsas məsələ 2028-ci ilə qədər partiyanın siyasi birliyini qorumaq və Trampın fərdi siyasi gündəliyindən daha geniş seçici koalisiyası formalaşdırmaq olacaq.
- Bəs seçkilərdən sonra İranla müharibə necə davam edəcək? Hansı tərəf qalib gəlsə, müharibə davam edəcək, yoxsa bitəcək?
- Məncə, İran müharibəsinin taleyini təkcə aralıq seçkilərin nəticələri ilə əlaqələndirmək düzgün olmazdı. Seçkilər Vaşinqtonun qərarvermə imkanlarına təsir göstərsə də, münaqişənin gələcəyini müəyyən edən əsas amillər ABŞ və İranın strateji məqsədləri, hərbi imkanları, regional təhlükəsizlik vəziyyəti və diplomatik danışıqların nəticələri olacaq.
Hazırkı vəziyyət göstərir ki, tərəflər arasında hərbi qarşıdurma ilə yanaşı, diplomatik təmaslar da davam edir. Hazərda Qətər vasitəçiləri Tehranla danışıqlar aparır, Pakistan və digər regional aktorlar isə razılaşmanın əldə olunmasına çalışırlar. Eyni zamanda, Hörmüz boğazı ətrafında hərbi gərginliyin davam etməsi münaqişənin yenidən genişlənməsi riskini saxlayır.
Əgər Demokratlar Konqresdə çoxluq əldə etsələr, müharibənin maliyyələşdirilməsi, prezidentin hərbi səlahiyyətləri və əməliyyatların qanunvericilik əsasları ilə bağlı təzyiqlər arta bilər. Respublikaçıların üstünlüyünü qoruması isə Trampın hərbi strategiyasını həyata keçirmək üçün daha geniş siyasi imkanlar yarada bilər.
Əslində, Tramp üçün müharibənin bitirilməsi də siyasi baxımdan mühüm nəticə kimi təqdim oluna bilər. Əgər administrasiya İranla ABŞ-nin təhlükəsizlik maraqlarını təmin edən razılaşma əldə edə bilsə, bunu diplomatik uğur kimi qiymətləndirəcək. Əks halda, müharibənin uzanması iqtisadi və siyasi təzyiqləri artıracaq.
Düşünürəm ki, seçkilərdən sonra əsas məsələ kimin Konqresə nəzarət etməsi deyil, Vaşinqtonun İranla münasibətlərdə hərbi təzyiq və diplomatiya arasında hansı balansı seçəcəyidir.
Ayhan
16:30 03.11.2026
Oxunuş sayı: 25