Dərinizin qocalmasını istəmirsinizsə, bu qaydalara əməl edin
Dərinin sağlam və gənc görünməsi təkcə estetik məsələ deyil, həm də ümumi sağlamlığın göstəricilərindən biridir. Yaş artdıqca dəridə təbii dəyişikliklər baş verir, elastiklik azalır, kollagen istehsalı zəifləyir və qırışlar yaranmağa başlayır. Lakin bu prosesə yalnız yaş faktoru təsir göstərmir. Günəş şüaları, siqaret, düzgün olmayan qidalanma, yuxusuzluq, stress və gündəlik dəriyə qulluq vərdişləri də dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Xüsusilə gənc yaşlardan dəriyə düzgün qulluq edilməməsi gələcəkdə müxtəlif problemlərlə nəticələnə bilər. Bəs dərinin qocalma prosesini ləngitmək mümkündürmü?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verin dermatoveneroloq Tünzalə Feyziyeva bildirib ki, dərinin vaxtından əvvəl qocalmasına, qırışların yaranmasına əsas səbəb dəridə kollagen və elastinin sintezi balansının pozulmasıdır:
"Ümumiyyətlə, 25 yaşdan sonra dəridə kollagen istehsalı yavaş-yavaş azalmağa başlayır. Bu da zamanla dəridə sallanmalara, turqorun pozulmasına gətirib çıxarır və mimiki qırışların formalaşmasına şərait yaradır.
Buna səbəb ola biləcək amillər günəş şüaları, stress, yuxusuzluq, düzgün olmayan qidalanma, alkoqollu və spirtli içkilərdən istifadə, həmçinin siqaret çəkməkdir.
Sağlam qidalanma ən önəmli məqamlardan biridir. Bununla yanaşı, kollagen istehsalını sürətləndirmək üçün yuxu rejiminə diqqət etmək və mümkün qədər stress faktorundan uzaq durmaq lazımdır. Çünki stress və yuxusuzluq orqanizmdəki müxtəlif mübadilə proseslərinə mənfi təsir göstərir. Bu da öz növbəsində zamanla kollagen istehsalının azalmasına səbəb olur. Beləliklə, dəridə elastiklik azalır, turqor zəifləyir və mimiki qırışlar yaranır.
Ən önəmli amil isə günəş şüalarıdır. Günəşin ultrabənövşəyi UVA və UVB şüalarından düzgün qorunmadıqda dəridə fotoqocalma və erkən yaşlanma əlamətləri müşahidə olunur. Buna görə də mütləq şəkildə geniş spektrli günəş qoruyuculardan istifadə etmək lazımdır. Yəni günəş qoruyucularından yalnız yay dövründə deyil, ilin dörd fəslində də istifadə olunmalıdır. Hətta ləkəli və ləkəyə meyilli dərilərdə günəş qoruyucu kremlər hər üç saatdan bir yenilənməlidir".
Məhəbbət Tərlanoğlu
19:15 10.11.2026
Oxunuş sayı: 48