Süfrəmizdəki gizli təhlükə
Gündəlik qidalanma insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Son illərdə qida məhsullarının tərkibi, emal üsulları, müxtəlif əlavələr və sağlam olmayan qidalanma vərdişlərinin yaratdığı risklər cəmiyyətdə daha çox müzakirə olunur. Xüsusilə bəzi qidaların xərçəng xəstəliyinin yaranma ehtimalını artırması ilə bağlı məlumatlar insanları narahat edir. Emal olunmuş ət məhsulları, hisə verilmiş qidalar, yüksək temperaturda bişirilən məhsullar və digər qida növləri bu müzakirələrin əsas mövzularındandır. Lakin hər hansı qidanın xərçənglə əlaqələndirilməsi onun mütləq şəkildə xəstəliyə səbəb olması demək deyil. Bəs hansı qidalar xərçəng riskini artıra bilər?

Məsələ ilə bağlı fəlsəfə doktoru, həkim- onkoloq Fərid Museyibov bildirib ki, aparılan araşdırmalar qidalanma vərdişlərinin onkoloji xəstəliklərin yaranmasında 60-70 faiz rol oynadığını göstərir: "Avropa və Amerika alimlərinin apardığı tədqiqatlar da bunu təsdiqləyir. Buraya fast-fud qidalar, ultraemal olunmuş ət və ət məhsulları, hisə verilmiş ət və ət məhsulları, dönər, hamburger, çipsilər və qazlı içkilər daxildir. Yəni bütün bunlar qidalanma faktoruna aiddir. Təbii ki, ilk sırada məhz qidalanma dayanır. Buna görə də hesab edirik ki, bunun qarşısını almaq üçün mütləq həyat tərzimizi dəyişməli, qidalanmamızda müəyyən dəyişikliklər etməliyik. Bu halda onkoloji xəstəliklərin qarşısının alınmasında çox böyük irəliləyiş əldə etmək olar.
İkinci əsas səbəb isə son zamanlar həm gənclər, həm də yaşlılar arasında tütün və alkoqol məhsullarından sui-istifadənin artmasıdır. Çünki bilirik ki, onkoloji xəstəliklərin yaranma səbəblərindən biri də tütün və tütün məhsullarının geniş istifadəsidir. Xüsusilə son zamanlar gənclər arasında geniş yayılan elektron siqaretlərdən istifadə narahatlıq doğurur. Belə məhsullardan istifadə ağciyər, mədə və qida borusu xərçənginin yaranma səbəblərindən biri hesab olunur.
Digər səbəb isə alkoqoldan sui-istifadədir. Təbii ki, bilirik ki, son zamanlar istər qızlar, istərsə də oğlanlar arasında alkoqoldan istifadə geniş yayılıb. Bu da, qeyd etdiyimiz kimi, əsasən mədə, qida borusu və qaraciyər xərçənginin yaranmasında əsas səbəblərdən biri hesab olunur".
Onkoloq qeyd edib ki, xüsusilə də qidalanmaya diqqət yetirilməlidir:
"Digər bir səbəb travmaların olması, irsi faktorlar və stressdir. Bütün bunlar təbii ki, son zamanlar xərçəng xəstəliyinin geniş yayılmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur. Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır.
Digər bir səbəb isə son zamanlar Azərbaycanda aparılan araşdırmaların da göstərdiyi kimi, artıq çəkinin olmasıdır. Bunun xüsusilə təhlükəli olduğunu qeyd etmək lazımdır. Bilirik ki, aparılan son statistik araşdırmalar Azərbaycan əhalisinin artıq çəkidən əziyyət çəkdiyini göstərir. Bu da təxminən 10 milyon əhali hesabı ilə 1 milyon nəfər deməkdir. Artıq çəki təbii ki, həm bağırsaq, həm süd vəzi, həm də digər orqanların xərçənginin yaranmasına gətirib çıxaran əsas amillərdən biri hesab olunur.
Ona görə də hər zaman qeyd edirik ki, mütləq şəkildə fiziki aktivliklə daim məşğul olmaq, dediyimiz qidalardan uzaq durmaq lazımdır. Bir məsələni də qeyd edim ki, son zamanlar rəngli və qazlı içkilər də onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran əsas faktorlardan biri hesab olunur".
Məhəbbət Tərlanoğlu
16:12 10.11.2026
Oxunuş sayı: 83