Politoloq: Zelenski yenidən prezident seçilə bilər
Ukraynanın ölkənin gələcək siyasi rəhbərliyi ilə bağlı müzakirələr də intensivləşir. Avropada yaxınlaşan seçkilər və bəzi ölkələrdə Ukraynaya dəstəyin azaldılmasını istəyən siyasi qüvvələrin mövqelərinin güclənməsi Kiyevdə narahatlıq doğuran amillərdəndir. Digər tərəfdən, Volodimir Zelenskinin gələcək siyasi taleyi və mümkün prezident seçkilərində onun rəqiblərinin kim olacağı da diqqət mərkəzindədir.
Hazırkı müzakirələrdə Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş komandan Valeri Zalujnının adı əsas alternativlərdən biri kimi çəkilir. Oktyabrın əvvəlində açıqlanan sorğuda da Zalujnı ictimai etimad göstəricilərinə görə Zelenskini qabaqlasa da, prezident seçkiləri ilə bağlı sorğuda Zelenski cüzi fərqlə öndə olub.
Bəs, seçkilər keçiriləcəyi təqdirdə Zelenskinin yenidən prezident seçilməsi üçün hansı siyasi imkanları var? Ondan başqa, hakimiyyətə gəlmək potensialı olan əsas namizəd kimdir? Yeni prezidentin Rusiya ilə münasibətlərə yanaşması və müharibənin gələcək gedişinə təsiri necə ola bilər?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Avropada, xüsusilə Almaniya, Fransa və İtaliyada seçkilər yaxınlaşır: “Göründüyü kimi, bu ölkələrdə ifrat sağçı və mühafizəkar qüvvələr hakimiyyətə gəlməyə can atırlar. Təbii ki, bu siyasi qüvvələrin Ukraynaya münasibəti də birmənalı deyil. Onlar Ukraynaya göstərilən maliyyə və hərbi yardımların azaldılmasını və ya dayandırılmasını tələb edirlər. Bu isə təbii olaraq Rusiyanın maraqlarına uyğun gəlir. Ümumilikdə, Ukraynadakı vəziyyət hazırkı mərhələdə ölkənin özü üçün də ürəkaçan deyil. Doğrudur, Ukraynaya müəyyən dəstək göstərilir, lakin həm Avropada, həm də ABŞ-də ölkədəki mövcud vəziyyətin dəyişməsində maraqlı olan siyasi qüvvələr var”.

Politoloq qeyd edib ki, bununla belə, hazırkı şəraitdə Ukraynada seçkilərin keçirilməsi real görünmür: “Müharibə davam edir və belə bir vəziyyətdə seçki prosesinin təşkili ciddi çətinliklər yaradır. Mümkün seçkilərdə Zelenski üçün əsas rəqiblərdən biri Valeri Zalujnı ola bilər. O, Ukraynada alternativ siyasi fiqur kimi qəbul edilir. Bununla belə, düşünürəm ki, seçkilər keçirilsə, Zelenskinin yenidən qələbə qazanmaq şansı kifayət qədər yüksəkdir. Çünki o, ölkə daxilində müəyyən siyasi konsolidasiyaya nail olub və siyasi proseslərdə daha çox mərkəzçi mövqedən çıxış edir. Eyni zamanda, ordunun da ona dəstəyi var. Digər namizədlərin hakimiyyətə gəlməsi isə orduda parçalanmaya və ciddi narazılıqlara səbəb ola bilər. Bu baxımdan, Zelenskinin hakimiyyətdə qalmasının Ukraynanın maraqlarına daha uyğun olduğunu düşünürəm. Avropa ölkələrində isə siyasi sistemin dəyişməsi təkcə həmin dövlətlərə deyil, Ukraynaya da mənfi təsir göstərə bilər. Bununla belə, hesab edirəm ki, Avropada ifrat sağçı və radikal mühafizəkar qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün müəyyən siyasi mexanizmlər işə düşəcək. Çünki Ukraynanın işğalı Avropanın mövcud təhlükəsizlik arxitekturasına ciddi zərbə vurub və bu prosesin nəticələri bütün qitə üçün əhəmiyyətlidir”.
Ayhan
20:00 06.11.2026
Oxunuş sayı: 58