İsraildə müxalifət Netanyahu hökumətini dəyişmək üçün dörd partiya ilə danışıqlar aparır
İsraildə müxalifət düşərgəsinin liderlərindən olan Yəşar Partiyasının rəhbəri Qadi Ayzenkot dörd siyasi partiyanın iştirakı ilə yeni hökumətin mümkün qədər tez formalaşdırılması istiqamətində iş apardıqlarını açıqlayıb.
Crossmedia.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Ayzenkot ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, İsrail parlamentində ümumilikdə 48 deputatla təmsil olunan İsrail Evimiz, Birlikdə, Demokratlar və Yəşar partiyaları Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin dərhal dəyişdirilməsi və yeni hökumətin qurulması üçün plan hazırlayıblar.
Onun sözlərinə görə, yeni hökumətə müəyyən edilmiş prinsipləri qəbul edən digər siyasi qüvvələr də dərhal və ya mərhələli şəkildə qoşula bilərlər. Müxalifət lideri bu təşəbbüsü “milli fövqəladə vəziyyət hökuməti”nin yaradılması kimi xarakterizə edib.
Ayzenkot qeyd edib ki, hökumətin formalaşdırılması üçün müəyyənləşdirilən dörd əsas prinsip İsrailin yəhudi və demokratik dövlət kimi tanınması, Müstəqillik Bəyannaməsinin dəyərlərinin qəbul edilməsi, İsrail ordusunun gücləndirilməsi məqsədilə hər kəsin hərbi xidmət öhdəliyi daşıması və HƏMAS-ın terror təşkilatı kimi tanınmasıdır.
Müxalifət lideri İsraildə yenidən seçkilərin keçirilməsinin və Benyamin Netanyahunun baş nazir postunda qalmasının qarşısını almağın vacibliyini vurğulayıb.
Ayzenkot bildirib ki, prezident İsxak Hersoqla keçirilən məsləhətləşmələr zamanı deputatların mütləq əksəriyyəti onun baş nazir vəzifəsini icra etməsini istəyib. O, cəmi 46 deputatın dəstəyinə malik Netanyahunun xalqın etimadını itirdiyini iddia edib.
İsrail Prezidenti İsxak Hersoq isə siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra hökuməti formalaşdırmaq mandatını kimin alacağını bazar günü açıqlayacağını bildirib.
20:16 06.11.2026
Oxunuş sayı: 54