Gürcüstan Rusiya ilə açıq toqquşmaya başlayır?
Rusiyanın Gürcüstanın daxili siyasi proseslərinə münasibəti və müxalifət partiyalarına qarşı sərgilədiyi mövqe regionda yeni müzakirələrə yol açıb. Rusiya Baş Prokurorluğu Gürcüstanın müxalif “Droa!” partiyasının fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edib. Qurum bunu partiyanın Rusiyaya qarşı mövqeyi, Moskva ilə Tbilisi arasında münasibətlərin normallaşmasına mane olmaq cəhdləri ilə əsaslandırıb. Xüsusilə birbaşa aviareyslərin dayandırılması və Rusiya vətəndaşları üçün viza rejiminin bərpası tələbləri Moskvanın narazılığına səbəb olub.
Bəs, Gürcüstan müxalifətinin bu mövqeyi Rusiya ilə münasibətlərdə ciddi gərginlik yarada bilərmi? Moskva yaranmış vəziyyətdən bəhanə kimi istifadə edərək Gürcüstana qarşı siyasi təzyiqləri artıra və ya hər hansı təxribata əl ata bilərmi? Bu addım iki ölkə arasında onsuz da həssas olan münasibətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Turab Rzayev Rusiya ilə Gürcüstan arasında münasibətlərin sırf hansısa siyasi partiyanın fəaliyyəti ətrafında ciddi qarşıdurmaya çevriləcəyini düşünmədiyini bildirib: “Söhbət burada millətçi və ya Qərbyönümlü ideyalarla çıxış edən, müəyyən siyasi mövqeyi təmsil edən partiyalardan gedir. Bu cür fikirlərin Gürcüstanın siyasi gündəmində yer alması təbiidir. Digər tərəfdən, Rusiyanın Gürcüstanın daxili siyasətinə bu şəkildə müdaxilə etməsi yolverilməzdir. Faktiki olaraq, Rusiya Gürcüstana hansı siyasi fəaliyyətə icazə verilməli, hansı partiyaların fəaliyyət göstərməsi məqbul hesab olunmalıdır kimi məsələlərdə öz mövqeyini diktə etməyə çalışır. Halbuki, Gürcüstan daxilində Rusiya ilə münasibətlərin məhdudlaşdırılmasını, hətta viza rejiminin tətbiqini istəyən siyasi partiyalar da ola bilər. Bu partiyaların mövqeyinin Gürcüstanın ümumi siyasətinə və iqtisadi maraqlarına nə dərəcədə uyğun olması isə tamamilə başqa məsələdir. İstənilən halda, belə siyasi qüvvələrin mövcudluğu ölkənin daxili siyasi mühitinin bir hissəsidir”.

Ekspert qeyd edib ki, Rusiyanın həmin partiyaların bağlanmasına və ya fəaliyyətlərinin məhdudlaşdırılmasına çalışması isə açıq şəkildə Gürcüstanın daxili işlərinə müdaxilədir: “Hesab edirəm ki, bu, Rusiyanın Gürcüstanın daxili siyasətinə təsir göstərmək istəyindən irəli gəlir. Təbii ki, Rusiya bu istiqamətdə müəyyən təzyiqlər göstərəcək. Lakin düşünmürəm ki, məhz bu təzyiqlər nəticəsində Gürcüstanda sözügedən partiyalar bağlanacaq. Bununla belə, Rusiyanın başqa ölkələrin daxili siyasətinə təsir göstərmək, onların siyasi gündəmini dəyişdirmək üçün müxtəlif təzyiq vasitələrindən istifadə etdiyini bilirik. Hesab edirəm ki, hazırkı məsələ Rusiya ilə Gürcüstan arasında açıq qarşıdurmaya və ya ciddi siyasi gərginliyə səbəb olmayacaq. Ancaq Gürcüstan hakimiyyəti bu vəziyyətdən istifadə edərək həmin müxalifət partiyalarına qarşı təzyiqləri artıra bilər. Bu, mümkün ssenarilərdən biridir. İkinci ssenari isə ondan ibarətdir ki, Gürcüstan hakimiyyəti Rusiyanın tələbləri qarşısında müəyyən qədər geri çəkilsin və nəticədə ölkənin daxili siyasi həyatında ciddi dəyişiklik baş verməsin”.
Ayhan
18:37 06.11.2026
Oxunuş sayı: 67