Natiq Cəfərli: Saatlıq əməkhaqqı sisteminin tətbiqi hələlik mümkün deyil
Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi sahəsində yeni dəyişikliklər gündəmdədir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, ölkədə saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm ilkin mərhələdə müəyyən iqtisadi fəaliyyət sahələrində qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edilən işçilərə şamil oluna bilər.
Bu sistem əməkhaqqının faktiki işlənmiş vaxta uyğun hesablanmasına, xüsusilə natamam iş rejimində çalışanların hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına imkan yarada bilər. Bununla yanaşı, minimum saatlıq ödənişin müəyyən edilməsi işəgötürənlər və işçilər arasında əmək münasibətlərinə yeni yanaşma gətirə bilər.
Bəs, saatlıq əməkhaqqı sisteminin əsas üstünlükləri nələrdir? Bu mexanizmin Azərbaycanda tətbiqi əmək bazarında hansı yeniliklərə səbəb olacaq və işçilərin gəlirlərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, bu məsələ hazırda çox müzakirə olunur, lakin onun məntiqi və praktiki tərəfləri ilə bağlı kifayət qədər əsaslandırılmış müzakirə aparılmır: “İlk növbədə, Azərbaycanda minimum əməkhaqqı ilə bağlı qanunvericilik aylıq hesablama prinsipi üzərində qurulub. Yəni ölkəmizdə minimum aylıq əməkhaqqı anlayışı var və hazırda bu məbləğ 400 manat təşkil edir. Belə olan halda, saatlıq əməkhaqqı sistemi tətbiq edilərsə, ödənişin hesablanması hansı mexanizm əsasında həyata keçiriləcək? Bu, ilk növbədə aydınlaşdırılmalı olan məsələdir. İkinci məqam ondan ibarətdir ki, Azərbaycanda əmək bazarı əsasən dövlət və özəl sektorlardan ibarətdir. Dövlət sektorunda elə sahələr var ki, onların saatlıq əməkhaqqı sisteminə keçirilməsi praktik baxımdan mümkün və ya məqsədəuyğun görünmür. Məsələn, həkimlərin, polis əməkdaşlarının və məhkəmə orqanlarında çalışanların əmək fəaliyyətini bu sistemə necə uyğunlaşdırmaq olar? Bu sahələrin özünəməxsus iş rejimi və əməkhaqqı mexanizmi mövcuddur”.
İqtisadçı qeyd edib ki, özəl sektora gəldikdə isə, burada da işəgötürənləri məcburi şəkildə saatlıq əməkhaqqı sisteminə keçirmək mümkün deyil: “Bu mexanizmin hansı sahələrdə və hansı şərtlərlə tətbiq ediləcəyi dəqiq müəyyənləşdirilməlidir. Düşünürəm ki, saatlıq əməkhaqqı sistemi yalnız müəyyən və məhdud sahələrdə tətbiq oluna bilər. Lakin bunun üçün ilk növbədə fundamental hüquqi və institusional baza yaradılmalıdır. İşçilərin hüquqlarının müdafiəsi, əməkhaqqının hesablanması və ödənişlərin təmin edilməsi ilə bağlı mexanizmlər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra saatlıq əməkhaqqı sisteminin tətbiqi və onun mümkün nəticələri barədə geniş müzakirələr aparmaq olar”.
Ayhan
18:10 06.11.2026
Oxunuş sayı: 72