Arxeoloqları 100 il düşündürən sirr açıldı – QƏRİBƏ TAPINTI
ABŞ-nin Florida ştatında bir əsr əvvəl aşkar edilmiş qeyri-adi saxsı qabların mənşəyi ilə bağlı yeni elmi nəticələr əldə olunub. Tədqiqatçılar qabların yerli gildən hazırlandığını, lakin onların istehsalında Floridanın şimal bölgələrinə xas texnologiyalardan istifadə edildiyini müəyyənləşdiriblər.
Crossmedia.az xəbər verir ki, “The Daily Galaxy” nəşri bu barədə məlumat yayıb.
Təxminən 100 il əvvəl Tampa körfəzi ətrafında aparılan arxeoloji qazıntılar zamanı bölgə üçün xarakterik olmayan naxışlarla bəzədilmiş keramika parçaları tapılıb.
Həmin naxışlar eramızın təxminən 1000-ci ilində Missisipi çayı vadisində yaranmış və sonradan ABŞ-nin Orta Qərb və şərq ərazilərinə yayılmış Missisipi mədəniyyətinin üslubuna bənzəyib.
Lakin tapıntıların yerləşdiyi ərazi bu mədəniyyətin əsas yayılma zonasından yüzlərlə kilometr cənubda olub.
Tampa körfəzi sahillərində yaşayan və Seyfti-Harbor (Safety Harbor) mədəniyyətinə mənsub olan icmalar əsasən balıqçılıq və dəniz ehtiyatlarından istifadə ilə məşğul olublar. Missisipi mədəniyyətində isə qarğıdalı əkinçiliyi mühüm yer tutub.
Bu fərqlər arxeoloqların keramika nümunələrinin mənşəyini müəyyənləşdirməsini çətinləşdirib.
Həmin dövrdə qabların harada hazırlandığını dəqiq araşdırmağa imkan verən texnologiyalar mövcud olmadığından tapıntılar uzun müddət muzey anbarlarında saxlanılıb.
58 keramika parçasının yeni tədqiqi isə mühüm nəticələr ortaya çıxarıb.
Müəyyən edilib ki, qabların hazırlanmasında yerli gildən istifadə olunub. Bununla belə, onların istehsal üsulları və material qarışıqları Floridanın şimal bölgələrinə xas xüsusiyyətlər daşıyır.
Tədqiqatçılar bu nəticələrə əsasən ehtimal edirlər ki, keramika nümunələri şimaldan gəlmiş sənətkarlar tərəfindən yerli xammaldan hazırlanıb.
Bu kəşf qədim icmalar arasında insanların hərəkəti, sənətkarlıq ənənələrinin yayılması və mədəni əlaqələr haqqında yeni məlumatlar əldə etməyə imkan verir.
15:17 06.11.2026
Oxunuş sayı: 71