Rusiya-Ukrayna müharibəsi necə bitəcək? – NATO rəhbərindən AÇIQLAMA
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin tərəflərdən birinin qələbəsi ilə başa çatması az ehtimal olunur və münaqişə kompromisə əsaslanan sülh razılaşması ilə yekunlaşa bilər.
Crossmedia.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte bu barədə Niderlandın “Pauw & De Wit” televiziya proqramında bildirib. Onun açıqlamasını “Bloomberg” agentliyi yayıb.
Rüttedən Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi ilə başlayan müharibədə tərəflərdən birinin qalib gəlib-gəlməyəcəyi soruşulub.
“Bunun çox ehtimal olunduğunu düşünmürəm. Belə müharibələr adətən müəyyən kompromisləri nəzərdə tutan sülh razılaşması ilə başa çatır”, – deyə NATO rəhbəri bildirib.
Rütte vurğulayıb ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra da Avropa Rusiyanın mümkün hərbi təhdidlərinə qarşı ayıq-sayıq olmalıdır.
“Hazırda Rusiya təhlükəsi birbaşa sərhədlərimizdə hiss olunmur, çünki onların çoxlu sayda hərbçisi Ukraynada döyüşür. Lakin müharibə başa çatdıqdan sonra bu nəhəng ordu sadəcə böyük ordu olaraq qalmaq üçün mövcud olmayacaq”, – deyə o qeyd edib.
NATO-nun Baş katibi Ukrayna Prezidenti Volodimir Zelenskiyə böyük rəğbət bəslədiyini də bildirib.
O, Zelenski ilə hər həftə əlaqə saxladığını və mütəmadi olaraq fikir mübadiləsi apardığını vurğulayıb.
14:04 06.11.2026
Oxunuş sayı: 71