Ukraynada seçkilər: Zelenski "hazıram" deyir, amma...
Ukraynada müharibənin davam etməsi ölkədə siyasi proseslərin gələcəyini də gündəmə gətirir. Prezident Volodimir Zelenski seçkilərin onlayn formatda keçirilməsi imkanını nəzərdən keçirə biləcəklərini bildirib. Bu təklif müharibə şəraitində seçki prosesinin təşkili, təhlükəsizlik və səsvermənin şəffaflığı ilə bağlı bir sıra suallar doğurur.
Digər tərəfdən, onlayn seçkilərin mümkün xarici müdaxilələrə və kiberhücumlara nə dərəcədə davamlı olacağı da müzakirə mövzusudur. Rusiya və Qərbin Ukraynada fərqli siyasi maraqlarının olduğu nəzərə alınarsa, seçki prosesinə təsir cəhdləri də istisna edilmir.
Bəs, müharibə şəraitində Ukraynada onlayn seçkilərin keçirilməsi realdırmı? Belə bir seçki baş tutarsa, Volodimir Zelenskinin yenidən prezident seçilməsi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Samir Hümbətov qeyd edib ki, onlayn seçkinin keçirilməsi texniki baxımdan mümkündür: “Lakin bu proses ciddi kiberhücumlar və xarici müdaxilə risklərini də özü ilə gətirə bilər. Xüsusilə səsvermənin elektron platformalar üzərindən təşkili Rusiyanın seçki prosesinə təsir imkanlarını genişləndirə bilər. Bununla yanaşı, Qərb ölkələrinin də prosesə müdaxilə etməyə çalışması istisna deyil. Burada əsas məqam Rusiyanın və Qərbin Ukraynaya münasibətdə fərqli siyasi maraqlara malik olmasıdır. Moskva Zelenskinin hakimiyyətdən getməsində, Qərb isə onun siyasi mövqeyinin qorunmasında maraqlı ola bilər. Bu maraqlar seçki prosesinə təsir göstərmək cəhdlərini artıra və Ukraynada siyasi vəziyyətin ciddi şəkildə dəyişməsinə səbəb ola bilər”.

Politoloq bildirib ki, bütün bunlar qarşıdakı seçkilərin nə dərəcədə şəffaf və ədalətli keçiriləcəyi ilə bağlı suallar yaradır: “Seçki sisteminin kiberhücumlardan qorunması, səslərin düzgün hesablanması və mümkün xarici müdaxilələrin qarşısının alınması mühüm əhəmiyyət daşıyır. Bu amillər nəzərə alınmadan seçkilərin nəticələrinin ölkədəki real siyasi iradəni əks etdirəcəyini indidən söyləmək çətindir”.
Ayhan
18:25 06.11.2026
Oxunuş sayı: 63