Fransada bahalaşmaya qarşı etirazlarda 448 nəfər saxlanılıb
Fransada yaşayış xərclərinin artmasına etiraz olaraq və əməkhaqlarının yüksəldilməsi tələbi ilə keçirilən nümayişlər zamanı 448 nəfər saxlanılıb. Etirazlar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə həmkarlar ittifaqlarının çağırışı ilə noyabrın 5-də keçirilən nümayişlər son dövrlə müqayisədə ən genişmiqyaslı aksiyalar olub.
Rəsmi məlumatlara əsasən, aksiyalarda təxminən 600 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının 1,6 milyona çatdığını açıqlayıb.
Qeyd edək ki, fransalılar oktyabrın 17-dən etibarən yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyalarına başlayıblar.
Nümayişçilər əməkhaqlarının artırılmasını və dövlət xidmətlərinə ayrılan büdcədə ixtisarların dayandırılmasını tələb ediblər.
Paytaxt Parisdə və ölkənin şimalındakı Lill şəhərində keçirilən aksiyalar zamanı polis bəzi nümayişçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
19:20 06.11.2026
Oxunuş sayı: 63