Ucuz kredit ümidi ilə BOKT-yə üz tutanları nə gözləyir?
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi
kreditlərin yüksək faizlə verilməsi uzun müddətdir müzakirə olunan iqtisadi və
sosial problemlərdən biridir. Xüsusilə banklardan kredit əldə etmək imkanı
məhdud olan vətəndaşlar BOKT-ların xidmətlərinə müraciət etməli olurlar. Lakin bu
təşkilatların təklif etdiyi kreditlər üzrə faiz dərəcələrinin yüksək olması
borcalanların maliyyə yükünü daha da ağırlaşdırır. Nəticədə vətəndaş qısa
müddətli maliyyə ehtiyacını qarşılamaq üçün götürdüyü kreditə görə bəzən əsas
borcdan xeyli artıq məbləğ ödəməli olur.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da son çıxışında BOKT-ların
yüksək faiz dərəcələrinin tənzimləyici qurumu daim narahat edən məsələlərdən
biri olduğunu bildirib. Bu açıqlama isə mühüm bir sualı yenidən gündəmə
gətirir: BOKT-ların kredit faizlərinə dövlət tərəfindən birbaşa məhdudiyyət
qoyulmalıdırmı? Əgər bu təşkilatların fəaliyyətinə lisenziya verilir və onların
fəaliyyəti nəzarətdə saxlanılırsa, vətəndaşları yüksək faiz yükündən qorumaq
üçün daha sərt mexanizmlərin tətbiqi niyə müzakirə olunmasın?
Digər tərəfdən, BOKT-ların yüksək faizlərini yalnız onların gəlir əldə etmək
istəyi ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşma olardı. Bu
təşkilatların maliyyələşmə mənbələri, kredit riskləri, problemli borcların
səviyyəsi və əməliyyat xərcləri də faizlərin formalaşmasına təsir göstərir.
Banklardan fərqli olaraq, BOKT-ların kredit verdiyi müştərilər arasında ödəmə
qabiliyyəti və kredit tarixçəsi baxımından daha riskli qruplar ola bilər. Lakin
bu amillər yüksək faizlərin hansı həddə qədər əsaslandırıla biləcəyi sualını
aradan qaldırmır.
Əsas narahatlıq isə odur ki, yüksək faizlə verilən kreditlər bəzi
vətəndaşları borc yükündən çıxmaq əvəzinə daha böyük maliyyə çətinlikləri ilə
üz-üzə qoya bilər. Bir krediti ödəmək üçün digər kreditə müraciət edən
şəxslərin sayı artdıqca, bu, təkcə fərdi ailə büdcəsi deyil, ümumilikdə maliyyə
sabitliyi baxımından da risk yaradır. Belə şəraitdə dövlətin istehlakçı
hüquqlarını qorumaqla yanaşı, kredit bazarında rəqabəti və maliyyə
xidmətlərinin əlçatanlığını təmin etmək vəzifəsi də aktuallaşır.
BOKT-ların faizlərinə yuxarı hədd qoyulması borcalanların müdafiəsi baxımından effektiv addım ola bilərmi? Yoxsa inzibati məhdudiyyətlər bu təşkilatların kredit vermək imkanlarını daraldaraq, əksinə, vətəndaşların maliyyə xidmətlərinə çıxışını çətinləşdirə bilər? Məsələnin iqtisadi tərəfi ilə yanaşı, sosial nəticələri də ciddi müzakirə tələb edir.

İqtisadçı Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirb ki, bank
olmayan kredit təşkilatlarında (BOKT) kredit faizlərinin banklarla müqayisədə
daha yüksək olmasının əsas səbəbi onların ucuz maliyyə mənbələrinə çıxış
imkanlarının məhdud olmasıdır:
“Bəs ucuz maliyyə mənbələri hansılardır? İlk növbədə, bank əmanətləri.
Banklar əhalidən əmanət qəbul edə bilirlər, BOKT-lərin isə belə imkanı yoxdur.
Onlar əmanət cəlb edə bilməzlər.
Digər maliyyə mənbəyi Mərkəzi Bankdan uçot dərəcəsi ilə kreditlərin
alınmasıdır. Qanunvericiliyə görə, BOKT-lərin də belə kreditlər əldə etmək
imkanı var. Lakin praktikada Mərkəzi Bank indiyədək BOKT-lərə deyil, əsasən
banklara kredit verib.
Üçüncü mənbə xarici maliyyələşmə, yəni xarici banklardan və maliyyə
institutlarından vəsait cəlb edilməsidir. Əvvəllər BOKT-lər bu imkandan
istifadə edə bilirdilər. Lakin hazırda ölkədəki maliyyə-iqtisadi vəziyyətlə
əlaqədar onların xaricdən vəsait əldə etmək imkanları məhdudlaşıb.
Beləliklə, BOKT-lər əsasən banklardan vəsait cəlb etməklə maliyyələşirlər.
Başqa sözlə, bir çox hallarda özləri də banklardan kredit götürürlər. Təbii ki,
bu da onların təqdim etdiyi kreditlərin faiz dərəcələrinin yüksəlməsinə səbəb
olur.
Digər tərəfdən, BOKT-lərdən kredit almaq banklarla müqayisədə daha rahatdır.
Onların müştərilərə qarşı tələbləri o qədər də sərt deyil. BOKT-lər əsasən
banklardan kredit almaqda çətinlik çəkən şəxslərə yönəlirlər. Bu insanlar daha
əlçatan şərtlərlə vəsait əldə etmək üçün BOKT-lərə müraciət edirlər.
Əslində, dünyada da vəziyyət oxşardır. Bir qayda olaraq, BOKT-lərin kredit
faizləri banklarla müqayisədə daha yüksək olur. Bu faizlərə yuxarı hədd
qoyulması məsələsinə gəlincə, belə bir məhdudiyyət onların fəaliyyət imkanlarını
ciddi şəkildə məhdudlaşdıra bilər. Eyni yanaşma banklara da aiddir.
Xarici təcrübə də göstərir ki, faiz dərəcələrinin inzibati qaydada
məhdudlaşdırılması hər zaman gözlənilən nəticəni vermir. Bazar iqtisadiyyatı
şəraitində hər bir kredit təşkilatı öz maliyyələşmə xərclərini, risklərini və
fəaliyyət imkanlarını nəzərə alaraq faiz dərəcələrini müəyyənləşdirir”.
Məhəbbət Tərlanoğlu
20:17 06.11.2026
Oxunuş sayı: 55