Kirayəçi ev sahibinə çevrilir: Bazarda gizli biznes
Mənzil kirayəsi bazarında son dövrlər diqqət çəkən məsələlərdən biri də
subicarədir. Bəzi şəxslər mənzil sahibindən ev kirayələyir, daha sonra həmin
mənzili başqa şəxslərə daha yüksək qiymətə təklif edirlər. Beləliklə, özləri ev
sahibi olmadıqları halda, kirayə bazarında vasitəçi rolunu oynayaraq əlavə
gəlir əldə etməyə çalışırlar. Məsələn, bir şəxs mənzili 500 manata kirayələyir,
daha sonra onu 700-800 manata başqa bir ailəyə verir. Nəticədə mənzil sahibi
ilə sonuncu kirayəçi arasında əlavə bir tərəf yaranır və mənzilin qiyməti süni
şəkildə yüksələ bilir.
Məsələ yalnız kirayə bazarındakı qiymət fərqi ilə də məhdudlaşmır. Subicarə münasibətləri düzgün rəsmiləşdirilmədikdə həm mənzil sahibinin, həm də evi faktiki kirayələyən şəxsin hüquqları risk altına düşə bilər. Bəs qanunvericilik bu cür halları necə tənzimləyir və kirayəçinin mənzildən əlavə qazanc əldə etmək məqsədilə istifadə etməsinin hüquqi sərhədləri harada başlayıb harada bitir?

Crossmedia.az-a açıqlamasında hüquqşünas
Fuad Məmmədov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən, bir şəxs mənzili sahibindən kirayəyə götürdükdən sonra onu başqa şəxsə
daha yüksək qiymətə kirayəyə verə bilər:
“Amma bunun qanuni olub-olmaması bir neçə məqamdan asılıdır. İlk növbədə,
mənzil sahibinin razılığı olmalıdır. Eyni zamanda, ilkin kirayə müqaviləsinin
şərtləri və bu münasibətlərə tətbiq olunan hüquq normaları nəzərə alınmalıdır.
Mülki Məcəllənin 282-ci maddəsində də bu məsələ öz əksini tapıb. Həmin
maddəyə görə, kirayəyə götürülmüş əmlakın əsas kirayəçi tərəfindən başqa şəxsə
kirayəyə verilməsinə kirayəyə verənin razılığı ilə yol verilir. Yəni mənzili
kirayəyə götürən şəxs həmin əmlakın mülkiyyətçisi olmadığı üçün onu üçüncü
şəxsə verərkən həm qanunvericiliyin, həm də ilkin müqavilənin tələblərinə əməl
etməlidir.
Burada iki halı fərqləndirmək lazımdır. Əgər ilkin kirayə müqaviləsində
subicarəyə icazə verilibsə, əsas kirayəçi müqavilədə göstərilən şərtlər və
icazənin əhatə dairəsi daxilində mənzili başqa şəxsə verə bilər. Müqavilədə
belə bir icazə yoxdursa, mənzil sahibinin razılığı alınmalıdır. Hüquqi
mübahisələrin yaranmaması üçün bu razılığın yazılı formada olması daha
məqsədəuyğundur. Mənzil sahibinin razılığı olmadan mənzilin üçüncü şəxsə
verilməsi isə ilkin müqavilənin pozulması hesab edilə bilər.
Əgər əsas kirayəçi mənzil sahibindən razılıq almadan mənzili başqa şəxsə
verərsə, bunun müəyyən hüquqi nəticələri ola bilər. Məsələn, mənzil sahibi
müqavilə şərtlərinin pozulmasına əsaslanaraq onun ləğvini və mənzilin geri
qaytarılmasını tələb edə bilər. Ancaq burada müqavilənin növü, pozuntunun
xarakteri və Mülki Məcəllənin müvafiq müddəaları nəzərə alınmalıdır.
Digər tərəfdən, subicarə nəticəsində mənzilə zərər dəyərsə və ya mənzil
sahibi müqavilənin pozulması səbəbindən sübut edilə bilən zərərlə üzləşərsə,
qanuni əsaslar olduqda həmin zərərin ödənilməsini tələb edə bilər. Həmçinin
ilkin müqavilədə subicarəyə görə cərimə və ya başqa məsuliyyət nəzərdə
tutulubsa, müqavilənin şərtlərindən və həmin tələbin qanuniliyindən asılı
olaraq bu məsələ də gündəmə gələ bilər.
Amma mənzil sahibi subicarəyə razılıq veribsə və müqavilədə subicarə
haqqının məbləğinə dair hər hansı məhdudiyyət yoxdursa, əsas kirayəçi mənzili
üçüncü şəxsə daha yüksək qiymətə verə bilər. Məsələn, mənzil sahibi evi əsas
kirayəçiyə ayda 500 manata verirsə, əsas kirayəçi də həmin mənzili başqa şəxsə
700 manata kirayəyə verə bilər. Əgər subicarəyə icazə varsa və qiymətlə bağlı
məhdudiyyət qoyulmayıbsa, bu halda 200 manat fərq əldə edilməsi özlüyündə qanun
pozuntusu hesab edilmir.
Lakin nəzərə almaq lazımdır ki, mənzil sahibinin verdiyi razılıq yalnız
subicarənin həyata keçirilməsinə aid olmaya bilər. Həmin razılıqda qiymət,
müddət, kommunal ödənişlər və digər şərtlərlə bağlı məhdudiyyətlər də müəyyən
edilə bilər. Əsas kirayəçi bu şərtlərə də əməl etməlidir. Çünki müqavilə
azadlığı prinsipi tərəflərə qanuna zidd olmayan şərtləri müəyyən etmək imkanı
verir”.
Hüquqşünas vurğulayıb ki, mənzili subicarə müqaviləsi əsasında götürən
sonuncu kirayəçi hüquqsuz şəxs hesab edilmir:
“Onun hüquqlarının həcmi subicarə müqaviləsindən, ilkin müqavilənin qüvvədə
olmasından və qanunvericiliyin tələblərindən asılıdır.
Məsələn, subicarəçi müqavilədə nəzərdə tutulan müddət və şərtlər daxilində
mənzildən istifadə edə bilər. Onun mənzilə qanunsuz müdaxilədən müdafiə olunmaq
hüququ da var. Yəni mübahisə yaranması mənzil sahibinə və ya əsas kirayəçiyə
özbaşına şəkildə mənzilə daxil olmaq, yaxud orada yaşayan şəxsin hüquqlarını
pozmaq imkanı vermir.
Əgər subicarəçinin mənzildən istifadəsi təmin edilməzsə və ya müqavilə
pozularsa, qanuni əsaslar olduqda o, ödədiyi pulun qaytarılmasını və dəymiş
zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hüquqları pozulduğu halda
məhkəməyə müraciət etmək imkanı da var.
Ancaq burada əsas məqam ondan ibarətdir ki, subicarəçinin mənzildən istifadə
hüququ əsas kirayəçinin hüququndan asılıdır. Əgər ilkin kirayə müqaviləsinə
xitam verilərsə, bu, subicarə münasibətlərinə də təsir göstərə bilər. Ona görə
də sonuncu kirayəçi mənzil sahibinin subicarəyə razılığının olub-olmadığını
öyrənməli, ilkin müqavilənin qüvvədə olmasını yoxlamalı, öz müqaviləsində isə xitam,
depozitin qaytarılması və ödənilmiş pulun geri alınması şərtlərini
dəqiqləşdirməlidir.
Bir məqamı da qeyd edim ki, mənzil sahibi subicarə müqaviləsinin tərəfi
deyilsə, sonuncu kirayəçi, bir qayda olaraq, müqavilə üzrə öhdəliklərin yerinə
yetirilməsini birbaşa əsas kirayəçidən tələb etməlidir.
Mənzilə ziyan dəydiyi halda isə məsuliyyət həmin ziyanı faktiki törədən
şəxsin hərəkətlərinə və hüquqi məsuliyyətinə əsasən müəyyən edilir. Əgər zərəri
subicarəçi vurubsa, əsas kirayəçi də mənzil sahibi qarşısında ilkin müqavilədən
irəli gələn öhdəliklərinə görə məsuliyyət daşıya bilər. Bu halda əsas
kirayəçinin sonradan subicarəçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə
çıxış etmək hüququ da yarana bilər.
Kommunal xərclərin kim tərəfindən ödənilməsi də müqavilədə əvvəlcədən
müəyyənləşdirilməlidir. Əgər subicarəçi kommunal ödənişləri öz üzərinə
götürübsə, əsas kirayəçi həmin ödənişlərin edilməsini ondan tələb edə bilər.
Ancaq xidmət göstərən təşkilatlar qarşısında yaranan borca görə kimin
məsuliyyət daşıması abonent müqaviləsindən və müvafiq qaydalardan asılıdır.
Subicarəçi kirayə haqqını ödəmədikdə, mənzildən təyinatına uyğun istifadə
etmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda, əsas kirayəçi
qanunvericilikdə və müqavilədə nəzərdə tutulan müdafiə vasitələrindən istifadə
edə bilər. Bununla yanaşı, əsas kirayəçi də mənzil sahibi qarşısında öz
öhdəliklərini yerinə yetirməlidir.
Mülki Məcəllənin 281-ci maddəsində kirayəçinin əmlakdan müqaviləyə uyğun
istifadə etməsi, onu saz vəziyyətdə saxlaması və müqavilə başa çatdıqda normal
köhnəlmə nəzərə alınmaqla geri qaytarması ilə bağlı vəzifələri göstərilib. Bu
müddəalar mənzilə dəymiş zərərə görə məsuliyyətin müəyyənləşdirilməsi
baxımından əhəmiyyətlidir.
Ona görə də mənzilin subicarəyə verilməsi zamanı bütün şərtlərin əvvəlcədən
razılaşdırılması vacibdir. Mənzil təhvil verilərkən onun vəziyyətinin
fotoşəkillərlə qeydə alınması, sayğac göstəricilərinin yazılması və açarların
təhvil-təslim aktının tərtib edilməsi də gələcəkdə yarana biləcək mübahisələr
zamanı sübut baxımından əhəmiyyət daşıyır”.
Məhəbbət Tərlanoğlu
20:50 06.11.2026
Oxunuş sayı: 46