REAL TV və APA TV əməkdaşlarına hücum: Bu, adi insident deyil
Jurnalist hadisə yerinə gedəndə
məqsədi kimləsə mübahisə etmək, münaqişəyə qoşulmaq və ya şəxsi maraqlarını
təmin etmək deyil. O, baş verənləri qeydə almaq, cəmiyyətin bilməli olduğu
məlumatları toplamaq və ictimaiyyətə çatdırmaq üçün orada olur. Lakin son
günlər Azərbaycanda jurnalistlərin məhz bu vəzifələrini yerinə yetirərkən
fiziki zorakılığa məruz qalması ciddi narahatlıq doğurur. Bir neçə gün ərzində
REAL TV və APA TV əməkdaşlarına qarşı baş verən hadisələr göstərir ki, bəziləri
jurnalistin əlindəki kameranı, mikrofonu və onun peşə fəaliyyətini təhlükə kimi
qəbul edir.
Oktyabrın 28-də Bakının Yasamal
rayonunda yerləşən 225 saylı məktəbdə baş vermiş hadisəni işıqlandırmaq üçün
əraziyə gələn REAL TV-nin çəkiliş qrupu hücuma məruz qalıb. Telekanalın
operatoru və stajoru fiziki zorakılığa məruz qalaraq xəsarət alıblar. Bundan
bir neçə gün sonra, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonundakı
taxta bazarında baş verən yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan
Bəhrəmli də hücumla üzləşib. Ona fiziki xəsarət yetirilib, təhqir olunub,
telekanalın texniki avadanlığına zərər vurulub.
Bu hadisələrə yalnız iki jurnalistin
döyülməsi kimi baxmaq düzgün olmazdı. Çünki hücuma məruz qalan təkcə konkret
media əməkdaşı deyil, onun təmsil etdiyi informasiya missiyası, cəmiyyətin
məlumat almaq hüququ və jurnalistikanın sərbəst fəaliyyət göstərmək imkanıdır.
Əgər jurnalist məktəbdə baş verən hadisəni, yanğını və ya başqa ictimai
əhəmiyyətli olayı işıqlandırarkən fiziki təhlükə ilə üzləşirsə, deməli, problem
təkcə onun şəxsi təhlükəsizliyi ilə məhdudlaşmır.
Burada başqa bir məqam da var:
jurnalist hadisə yerində hər kəsin xoşuna gələn görüntünü yaratmaq üçün deyil,
baş verənləri olduğu kimi göstərmək üçün çalışır. Kamera qarşısında görünmək
istəməyən, çəkilişdən narahat olan və ya jurnalistin suallarından yayınan
şəxslər ola bilər. Ancaq narazılıq zorakılığa haqq qazandırmır. Çəkilişə mane olmaq,
jurnalisti təhqir etmək, döymək, avadanlığını sındırmaq nə hüquqi, nə də mənəvi
baxımdan qəbul edilə bilər.
Digər tərəfdən, bu cür hadisələr
jurnalistlərin ekstremal şəraitdə işləməsi, təhlükəsizliklərinin necə təmin
olunması və peşə fəaliyyətinə mane olan şəxslərin məsuliyyəti məsələsini də
aktuallaşdırır. Jurnalist hadisə yerinə gedərkən əvvəlcə özünü necə
qoruyacağını düşünməli deyil. Onun işi məlumat toplamaq, cəmiyyətə xəbər
çatdırmaqdır. Təhlükəsiz şəraitdə işləmək isə onun qanuni hüququdur.
Ən təhlükəlisi, belə hadisələrin adi
qarşılanması və zamanla cəmiyyətdə jurnalistə qarşı zorakılığın
normallaşmasıdır. Bu gün kamera qarşısında olan müxbir və operatora əl
qaldırılırsa, sabah ictimaiyyətin hansı xəbəri əldə edə bilməyəcəyini də
düşünmək lazımdır. Jurnalisti susdurmaqla hadisəni gizlətmək, kameranı
sındırmaqla həqiqəti yox etmək mümkün deyil. Peşə fəaliyyətinə görə zorakılığa
məruz qalan jurnalistlərin hüquqları qorunmalı, bu cür hallara yol verən
şəxslər qanun qarşısında cavab verməlidirlər.
Bu baxımdan əsas məsələ təkcə baş vermiş insidentlərin araşdırılması deyil, gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün effektiv mexanizmlərin yaradılmasıdır. Çünki jurnalistin təhlükəsizliyi təmin olunmayan yerdə cəmiyyətin sərbəst informasiya almaq hüququ da risk altına düşür.

Crossmedia.az-a açıqlamasında Mətbuat
Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, istənilən halda,
zorakılığa yol verilməməlidir:
“Bu, təkcə jurnalistlərə deyil, ümumiyyətlə, heç kimə qarşı tətbiq
olunmamalıdır. Hazırda konkret olaraq həmkarımıza qarşı belə bir hadisə baş
verib və bununla bağlı müvafiq dövlət qurumları artıq araşdırmalara
başlayıblar. Ümid edirik ki, araşdırmanın nəticələrinə uyğun olaraq təqsirkar
şəxslər barəsində müvafiq tədbirlər görüləcək və onlar qanun qarşısında cavab
verəcəklər. Bu, gələcəkdə belə hallara yol vermək istəyənlər üçün də bir dərs
olmalıdır.
Jurnalistləri hədəfə alaraq, onları zor gücünə peşə fəaliyyətlərini yerinə
yetirməkdən çəkindirmək istəyənlər başa düşməlidirlər ki, informasiya toplamaq
və cəmiyyəti məlumatlandırmaq istəyən şəxslərin qarşısını bu yolla almaq mümkün
deyil.
Əsas məsələ ondan ibarətdir ki, dövlət bu məsələlərdə jurnalistlərin və medianın hüquqlarının qorunmasını təmin etməlidir. Ümumiyyətlə, Azərbaycanda jurnalist və media azadlığı Konstitusiya və qanunlarla təmin olunur və qorunur. Konstitusiya ilə təsbit edilmiş bu hüquqların həyata keçirilməsinə heç kim mane olmamalıdır. Bu, həmkarımıza qarşı zorakılıq tətbiq etmiş şəxslərə də aiddir”.
Məhəbbət Tərlanoğlu
20:39 06.11.2026
Oxunuş sayı: 58